Azedu.az

Şura sədri 12 yaşlı nişanlı qızdan DANIŞDI: “Dərsə gedən, oyun oynayan vaxtıdır”

30 Dekabr 2023, 14:03
Şura sədri 12 yaşlı nişanlı qızdan DANIŞDI: “Dərsə gedən, oyun oynayan vaxtıdır”

Ölkədə gündəmi zəbt edən mövzulardan biri də azyaşlı qızların erkən nigaha cəlb edilməsi məsələsidir. Belə ki, Sabirabadın Məmişli kəndində 12 yaşlı 7-ci sinif şagirdi ilə 32 yaşlı kişinin nişanlanması ictimaiyyətdə böyük rezonans doğurub.

 

Qeyd edilir ki, bu məsələ ailələrin razılığı ilə baş tutub.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın sözlərinə görə azyaşlı qızların nikaha cəlb olunmasına səbəb olan bir neçə məqam var:

 

“Birinci olaraq qeyd edə bilərəm ki, qanunvericilik baxımından bu cür məsələlər sərtləşdirilməlidir. Qanunvericilikdə nigaha daxil olma yaşı 18 müəyyən olunub. Erkən nişanlanma ilə bağlı isə hər hansı bir maddə yoxdur. Əslində erkən nişanın qanunvericiliyə görə tənzimlənməsi əsas məsələlərdən biridir. Çünki nişan adı altında artıq erkən nigah başlayır.

 

Bunun adı pedofildir. Valideynlərin 12 yaşlı qızın nişanlanmasına icazə verməsi belə pedofil düşüncədir. O insanları adı ilə çağırmalıyıq ki, cəmiyyət bəlkə ayılsın. 12 yaşlı qız uşağının dərsə gedən, oyuncaqlarla oynayan vaxtıdır. Ancaq onun nişanlanması, nigah münasibətinə məcbur edilməsi mütləq şəkildə qanunvericilik çərçivəsində cəzalandırılmalıdır. Təəssüflər olsun ki, ölkəmizdə hələ də bu məsələlərlə bağlı müvafiq qərar qəbul olunmur. Burada dərin işlənmə tələb edən məsələlər var. İlk növbədə qanunvericilik sərtləşməlidir. Daha sonra isə nəzarət mexanizmi gücləndirilməlidir. Məsələyə mənsub olan şəxslər kordinasiyalı işləməlidir”.

 

Həmsöhbətimiz qeyd edib ki, uşaq müdafiə mexanizmi işlək mexanizmə əsaslanmır:

 

“Qurumlar arası kordinasiya zəifdir və bununla yanaşı maarifləndirmə tədbirlər görülmür. Valideynlər məsələnin sadəcə ictimailəşdirilməsindən narahatdır, lakin faktdan narahat deyillər. Bu kimi məsələ onlar üçün həyat norması kimi qəbul edilir. Burada məktəblərin “çiyinlərinə” böyük bir yük düşür. Məktəb rəhbərlikləri bu faktı anında hüquq- mühafizə orqanlarına bildirməlidir”.

 

Son olaraq G.Səfərova  söyləyib ki, bu hallar yalnız qızlara qarşı deyil, oğlanlara qarşıda baş verir:

 

“3 il bundan əvvəl regionda “nişanlılar əslində erkən nigahlardır” deyəndə çox az adam reaksiya verirdi. Bununla bağlı regionda çevik ekspert qurpu olaraq qiymətləndirmə apardıq. Həmin qiymətləndirmə müəyyənləşdirdi ki, regionda nişan əslində nigahlardır. Burada əsas məsələ olan azyaşlı uşaqların reproduktiv sağlımlığından, təhsilindən, yaşamaq hüququndan söhbət gedir. Bu zaman insanın ən təbii hüququndan tutmuş mülkiyyət, təhsil hüququ pozulur. Müşahidələr göstərir ki, sözügedən hall yalnız qızlara qarşı deyil, oğlanlara qarşıda baş verir.

 

Cəmiyyətimizdə çox təəssüflər olsun ki, erkən nigahı normal qarşılayan insanların sayı çoxdur. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə prosesində təhsil müəssisələrinə böyük yük düşür. Hər bir qurum bu məsələdə öz bacardığını etməlidir”.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox