“Tələbələrin transferində müəyyən güzəştlər edilməlidir”
Bu sözləri təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında qeyd edib.
Ekspert bildirib ki, transfer tələbələrin təhsil aldığı təhsil müəssisəsindən hər hansı bir təhsil müəssisəsinə köçürülməsidir:
“Tələbələr təhsil aldıqları ixtisas qrupuna uyğun olaraq DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bala əsasən bir ixtisasdan başqa bir ixtisasa köçürülməsi üçün Elm və Təhsil Nazirliyinin elektron xidməti vasitəsi ilə ildə iki dəfə (qış və yay transferi) müraciət edirdilər. Lakin son 2 ildir ki, transfer sadəcə yay aylarında həyata keçirilir. Bu il üçün gözlənilən qış transferinin də olmayacağı sadəcə yayda köçürülmənin həyata keçəcəyi Elm və təhsil naziri tərəfindən bildirildi. Səbəb də qeyd olundu ki, qış semestri az olduğu və müraciət çox olduğu üçün bunu çatdırmaqda vaxt çətinliyi çəkilir”.
Həmsöhbətimiz vurğulayıb ki, dünyanın əksər ölkələrində transfer ildə 2 dəfə həyata keçirilir:
“Mən təklif edirəm ki, transfer ilə bağlı Avropa təhsil sisteminə yaxud da, bizə yaxın olan Türkiyə təhsil sisteminə diqqət edək. Dünyanın əksər ölkələrində transfer ildə 2 dəfə həyata keçirilir. Hər hansı bir tələbə təhsil aldığı müəssisədə narahatlığı formalaşırsa, o başqa bir universitetə köçürülməlidir. Bununla yanaşı subbakalavrların transferi də hal-hazırda problem kimi görünür. Subbakalavrlar hazırkı qaydalara görə yalnız öz universitetləri daxilində öz ixtisasları üzrə əyani-qiyabi transfer oluna bilirlər. Burda da subbakalavrlar üçün müəyyən yumşaltmalar düşünülə bilər. O cümlədən, tələbələrin transferinə əngəl törətməyə çalışan, transkript və borc haqqında arayışı verməkdən yayınan ya da bəzi universitetlərə də xəbərdarlıq edilməlidir. Ümidvaram ki, təhsilimizin inkişafı üçün durmadan səy göstərən nazirimiz bu məsələdə də müasir təhsil sisteminin qaydalarına uyğun addım atılmasında və transfer qaydalarında dəyişiklik edəcəkdir”.