Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Radiasiya Problemləri İnstitutu və Bakı Avropa Liseyinin ikitərəfli əməkdaşlığı ilə həyata keçirilən “Elm məktəbi” layihəsinin uğurla yekunlaşması ilə əlaqədar bağlanış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, Radiasiya Problemləri İnstitutunda keçirilən mərasimdə şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Mərasimi İnstitutun direktoru Rəvan Mehdiyeva açıq elan edəndən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun tarixi və elmi sahələri barədə məlumat verib. Ardınca institutun laboratoriyaları və həyata keçirdiyi işlərlə bağlı videorolik nümayiş etdirilib.
Daha sonra layihə rəhbəri Nəzakət Qasımova çıxış edib. O, layihə barədə iştirakçılara ətraflı məlumat verib.
Fizika üzrə fəlsəfə doktoru Mətanət Mehrabova, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva fikir və təcrübələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda layihədə iştirak etmiş şagirdlərə sertifikatlar verilib.