Bakı şəhəri Qaradağ rayonunun 294 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Rəsul Əsədzadə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasında təcrübə keçib və laboratoriyanın elmi araşdırmalarında iştirak edib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, ilk tanışlıq günündə şagirdə elmi müəssisənin laboratoriyaları, əsas fəaliyyət istiqamətləri, laboratoriyaların elmi fəaliyyəti barədə geniş məlumat verilib.
Təcrübə zamanı Rəsul Əsədzadə klonlaşdırmanın ilkin mərhələlərinə - genlərin ayrılması və plazmid DNT-nin ayrılması mərhələlərinə qoşulub. Molekulyar biologiyanın klassik və müasir metodlarından istifadə edərək plazmid DNT-nin E. coli-də artırılmasında və kulturadan ayrılmasında, ayrılmış plazmidin restriksiya fermentləri ilə kəsilməsində yaxından iştirak edib.