Son zamanlar şagirdlər eləcə də tələbələr arasında qızılca infeksiyasının yayılması ilə bağlı ictimaiyyətdə məlumatlar paylaşılır. Hətta bu səbəbdən bir sıra məktəblərdə təhsil distant formaya keçib.
Bəs, görəsən infeksiya ilə bağlı hansı qabaqcıl tədbirlər görmək zəruridir? Qapanmalara ehtiyac varmı?
Sabiq deputat, təhsil eksperti Sona Əliyeva mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.
S.Əliyeva bildirib ki, ictimaiyyəti qızılca ilə bağlı təlimatlandırmaq lazımdır: “İstər təhsil müəssisələrində, istərsə də ictimai yerlərdə qızılca virusunun yayılması ilə bağlı təlimatlandırılma tədbirləri keçirilməlidir. Yoluxmadan qorunma yolları, profilaktik tədbirlər və gigiyenik qaydalara əməl etməklə bağlı təhsil prosesi iştirakçılarına mövcud təhlükə haqqında məlumat verilməlidir. Bu proses təhsil müəssisələrində seminar xarakterli, müxtəlif broşür, video-çarxlar və maarifləndirici kampaniya şəkilində təşkil oluna bilər”.
Ekspert qeyd edib ki, təhsil müəssisələrində tibbi xidmətlərin keyfiyyətli və effektiv olması vacib məsələlərdən biridir: “Gün ərzində şagird yaxud tələbədə kiçik narahatlıq hiss olunduqda, dəhral çevik qərarlar qəbul edilməlidir. Beləcə xəstəliklərin qarşısını almaq müəyyən qədər mümkün ola bilər. Düşünürəm ki, təhsil müəssisələrində bu aralar böyük kütləvi tədbirlərdən qaçmaq lazımdır. Sinif otaqları eləcə də auditoriyalarda sosial məsafə qaydalarına əməl olunmalıdır. Əgər yoluxma halları yüksək həddə çatıbsa, o halda qısa müddətliyinə uzaqdan təhsil (distant) keçmək olar. Korona virus dövründə distant təhsili sınaqdan keçirtdiyimiz üçün artıq eyni vəziyyətin olmasına qarşı daha hazırlıylıyıq”.
Təhsil eksperti bildirib ki, infeksiyaya yoluxma ilə bağlı statistik məlumatlar toplanılmalıdır: “Statistik məlumatları TƏBİB yaxud Səhiyyə Nazirliyi tədqiq edərək izləməlidir. Say məlumatları xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər strategiyasını formalaşdırmağa imkan verəcək. Düşünürəm ki, qapanma tədbirləri ən son mərhələ kimi nəzərdən keçirilə bilər. Hələ ki, buna ehtiyac yoxdur. Ancaq mümkünsüz də deyil. Söhbət insan sağlamlığından gedirsə təhsil müəssisələri öz fəaliyyətini uzaqdan davam etdirə bilər”.