Bu gün I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər –Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları əldə ediblər.
Onlardan biri də Nuriyeva Aynurə Samir qızıdır. O, Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunudur.
AzEdu.az Aynurə ilə əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib:
-I qrup üzrə blok imtahanından ən yüksək nəticəni əldə etmisən...
-Birinci blok imtahanından 388.3 bal toplamışdım. Fizikadan bir qapalı sualda səhv etmişdim, bir açıq sualdan da 6 balımı kəsmişdilər. İkinci şans veriləndə düşündüm ki, balımı artırmalıyam. Hazırlaşdım, ikinci blok imtahanından əvvəlki nəticəmi 9 bal artıraraq, 397 bal topladım. Ümumilikdə nəticəm 677.7 bal oldu.
-Hazırlıq prosesiniz necə idi?
-Hazırlıqdan gələn kimi dərs oxumağa başlamırdım. İstirahətə ən azı 1 saat vaxt ayırırdım. Normalda bütün tapşırıqlarımı vaxtında edirdim, bəzən gecə saat 1-2-yə qədər yuxusuz qalırdım.
-Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?
- Azərbaycan Diplomatiya Akademiyasında riyaziyyat ixtisası üzrə təhsil almaq istəyirəm
-Hansı hobbilərin var?
Pianino üzrə musiqi məktəbini bitirmişəm. Musiqi dinləməyi və riyaziyyatla məşğul olmağı sevirəmş
Riyaziyyata marağınız necə yaranıb?
-Riyaziyyata uşaqlıqdan marağım olub. Ona görə də həmişə riyaziyyatçı olmaq istəmişəm. Necə riyaziyyatla başlamışamsa, elə də davam etdirmək niyyətindəyəm. Məqsədim riyaziyyat müəllimi də yox, riyaziyyatçı olmaqdır. Hədəfim professor olmaqdı.
-Abituriyentlərə tövsiyələrin nələrdir?
-Əsas dərsi öyrənməyə fikir versinlər. Sonra biliyi möhkəmləndirmək üçün test etsinlər. Test işlədikdən sonra isə zəif olduğum mövzuları qeyd edir, yenidən təkrarlayırdım. Çünki I qrupda fənlər- xüsusən də fizika və kimya- elədir ki, materialı oxumadan test işləmək mümkünsüzdür. Riyaziyyatın da ən çətin fənn olduğunu hamı bilir.