Azedu.az

Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

24 İyun 2023, 12:35
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

Bu il müəllimlərin sertifikatlaşdırma imtahanlarının ikinci – müsahibə mərhələsi avqustun axırı - sentyabrın əvvəlini əhatə edəcək.

AzEdu.az saytı xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

“Sertifikatlaşdırma imtahanlarının test mərhələsindən keçən müəllimlərimiz yay məzuniyyətindən qayıdandan sonra avqust ayının sonları – sentyabr ayının əvvəlində müsahibəyə çağırılacaqlar”.

Nurlan İsmayılbəyli deyib ki, sentyabrın sonlarına kimi sertifikatlaşdırma imtahanlarının müsahibə mərhələsi də bitəcək və müəllimlər yekun nəticələrini biləcəklər.

Mərkəz direktoru onu da deyib ki, müsahibə mərhələsində müəllimlər kompüterlə onlayn olaraq suallara cavab verəcəklər. Müsahibə mərhələsi hər bir müəllim üçün maksimum 20 dəqiqə sürəcək. 

Qaydalara görə, sertifikasiyanın müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndiriləcək:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı;
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.

Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.

Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
- təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
- ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.

A.Qorxmaz

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox