Azərbaycanın 44 günlük Vətən savaşını böyük zəfərlə başa vurması ölkənin bütün sahələrində öz müsbət işartılarını göstərməkdədir. Bu zəfərdən sonra sanki, bütün sahələrdə bir canlanma, oyanış, diriliş müşahidə olunur. Bütün qurumlar "əllərini daşın altına qoyub" dövlətin güclənməsinə, ölkəmizin daha da çiçəklənməsinə çalışırlar. Çünki qələbəni, zəfəri qorumaq, onu əldə etməkdən heç də asan deyil.
Bu səbəbdən ölkəmizdə məktəblərdən başlayaraq gənclərin hərbi hazırlığına böyük önəm verilir.
"Zəkalar" liseyində çağırışaqədərki hazırlıq fənnini tədris edən "Azərbaycan Ordusu" qəzetinin sabiq baş redaktoru, Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də Azedu.az-a açıqlamasında qeyd edib ki, son illər ərzində hərbi müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların məvaciblərinin artırılması ilə bağlı ciddi addımlar atılıb:
"5 ildən çoxdur ki, çağırışaqədərki hazırlıq fənnini tədris edirəm. Təqribən 5 il öncə işə 250 manat məvaciblə başlamışam, amma 5 il ərzində tam məsuliyyətimlə deyirəm ki, əmək haqqım 4 dəfə artırılıb. Bu dövlətin hərbi müəllimlərə və təhsilə göstərdiyi diqqətin nümunəsidir. Çağrırışaqədərki hazırlıq da elm və təhsil sisteminin ayrılmaz təkib hissəsidir".
Həmsöhbətimiz onu da xüsusi olaraq vurulayıb ki, 44 günlük Vətən savaşından sonra məktəblərdə çağırışaqədərki hazırlıqla bağlı yeni sistem və proqramlar tətbiq olunur:
"Eyni zamanda çağırışaqədərki hazırlıq kitabı dəyişdirilib, yeni redaktədə təqdim olunub. İndiyə qədər 10 və 11-ci siniflərdə çağırışaqədərki hazırlıq fənni həftədə 1 saat tədris olunurdusa, 44 günlük Vətən savaşından sonra bu məsələyə daha çox önəm verildi. Elm və Təhsil Nazirliyinin diqqət və qayğısı nəticəsində bu məsələ araşdırıldı və 10, 11-ci siniflərdə bu fənnin tədrisi həftədə 2 saata qaldırıldı. Xətai rayonunda yerləşən "Zəkalar" liseyində çalışıram. Bu rayon ərazisindəki məktəblərin çağırışaqədərki hazırlıq müəllimlərinin hamısını tanıyıram. O müəllimlərin əksəriyyəti müharibə keçmiş insanlardır, veteranlardır. Bu və ya digər səviyyələrdə orden və medallarla təltif olunmuş kadrlardır. Bu gün Xətai rayonu ərazisindəki məktəblərdə çağırışaqədərki hazırlıq fənni çox yüksək səviyyədə tədris olunur. Bu sahə ilə bağlı müəyyən islahatlar da həyata keçirilir. 44 günlük zəfərdə həmin müəllimlərimizin böyük rolu olub.Hesab edirəm ki, Azərbaycanda dövlət, xalq və millətini sevən, vətənpərvər gəncliyin yetişməsində hərbi müəllimlərimiz də əllərindən gələni əsirgəmirlər, bundan sonra da əsirgəməyəcəklər".