Xəbər verdiyimiz kim i, bu gün - mayın 11-də 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib.
Qəbul prosesi saat 11:00-dan açıqlan məktəbəqəbul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Bir çox valideyn mayın 15-nə kimi uzanacaq qeydiyyat zamanı hansı sənədlərin tələb olunacağı ilə maraqlanır.
AzEdu.az saytı Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, övladını 1-ci sinfə qoymaq istəyən valideyn (qanuni nümayəndə) aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- valideynin (qanuni nümayəndənin) mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.