Müşahidələr göstərir ki, bəzi səbəblərdən 6 yaşı çoxdan keçən uşaqlar var ki, onlar hələ də orta məktəbdə oxumurlar. Belə uşaqlar arasında 9, hətta 10 yaşa çatanlar da var.
Bəs yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən məsələyə aydınlıq gətirlib.
İdarədən bildirilib ki, yaşı 9 və yuxarı olan uşaqlar Azərbaycan Respublikası elm və təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Bəs yaşı 9 və yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
“Yaşı 9 və yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 01.07.2022-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir”.