Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün elan olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Yüksək bal toplayanlardan biri də Bakı şəhəri Nəsimi rayonu texniki-humanitar liseyinin şagirdi Cəfərzadə Taliə Cavid qızıdır.
Taliə Cəfərzadə öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.
Onunla qısa söhbəti təqdim edirik:
- Bu nəticəni gözləyirdin?
- Bəli, 9-cu sinifdə buraxılış imtahanından da 290 bal toplamışdım, liseydə əlaçıyam, ona görə də yüksək nəticə gözləyirdim.
- İmtahana özün hazırlaşmısan?
- Əsas lisey müəllimlərimin əməyi üzərimdə çox böyükdür. Son vaxtlara yaxın hazırlaşmışam, repetitorlarım da yenə öz müəllimlərim idi.
- Hazırlıq prosesində ən çox hansı fəndən çətinlik çəkirdin?
- Riyaziyyat və ingilis dili biliyim çox yaxşıdır. Rus dilində açıq suallardan narahat idim, elə imtahanda da 2.5 balımı rus dilindən itirmişəm.
- Hansı ixtisas üzrə təhsil almaq istəyirsən?
- IV qrup üzrə hazırlaşıram, Azərbaycan Tibb Universitetində təhsil almaq istəyirəm.