Müəllimlər və valideynlər arasında yaranan münaqişələrə bir çoxumuz şahid olmuşuq. İnsanların bir qismi valideynləri, bir qismi isə müəllimləri haqlı görür. Əlbəttə, bu mövzudan asılı olaraq dəyişir. Hər bir mövzu münaqişə dərəcəsinə çatmadan həll olunmalıdır. Çünki bu kimi münaqişələrdə ən böyük zərər məhz uşağa dəyir - istər psixoloji, istərsə də təhsil baxımından. Sözsüz ki, problemlər hər zaman olur və olacaq.
Bəs valideynlə müəllim arasındakı münasibətləri necə tənzimləmək olar?
Ailə ilə müəllim arasında əməkdaşlıq olmalıdır
Müəllimin sinifdə uşağa aşılamaq istədiyi davranış və perspektivlər evdə dəstəklənməyəndə, təhsilverən bu məsələlərdə çox da uzağa gedə bilmir. Ən pisi də odur ki, bəzən müəllimin dəyərləri ilə ailə dəyərləri ziddiyyət təşkil edir.
Məsələn, müəllim uşağa məsuliyyətli olmağı aşılamaq istəyir, amma ailə evdə uşağın üzərinə heç bir məsuliyyət qoymur.
Ailə ilə müəllim arasında elə əməkdaşlıq olmalıdır ki, dəyər və münasibət birliyi təmin olunsun və uşağa heç bir ziyan dəyməsin.
Bir çox müəllimlər üçün ailə bir növ nəzarətçi kimi çıxış edir. Müəllim öz işinə valideyn müdaxiləsi hiss edən zaman uşağa qarşı da antipatiya yaranır. Ailə müəllimin işinə müdaxilə olmadan əməkdaşlıq etsə, həm uşaq, həm də müəllim üçün faydalı olar.
Çıxış yolu axtarmaq lazımdır
Əksər ailələr övladlarını haqlı gördüyünə görə, müəllim tərəfindən hansısa irad bildirildikdə, valideynlər bunu qəbul etmirlər. Problemin öz övladlarından qaynaqlanmadığını fikirləşirlər. Uşaq sinifdə və evdə fərqli davrana bilər. Müəllim vəziyyəti ailə ilə bölüşəndə valideyn problemləri inkar edir, hətta müəllimi uşağı tanımamaqda qınayır.
Ailələr öz çatışmazlıqlarını etiraf etmək istəmirlər, çünki məktəblərdə ən yaxşı olmaq uğrunda mübarizə gedir. Güvənə əsaslanan bir əlaqə quraraq bu vəziyyəti düzəltmək mümkündür.
Müəllimlə valideyn arasında müntəzəm məlumat axını təmin olunmalıdır
Valideynlər mütəmadi olaraq övladları haqqında məlumatı müəllimlə bölüşməsələr, müəllim uşağa adekvat kömək edə bilməz. Ailədən müntəzəm məlumat alınmasa, müəllimlər uşaqların inkişafını tam izləyə bilməzlər. Bu kontekstdə müəllimlərlə valideynlər arasında müntəzəm məlumat axını təmin olunmalıdır.
Yaşanan problemlərin əksəriyyəti ailə zəminindədir. Həddindən artıq böyük gözləntilərin olması, uşağa məhdudiyyət qoymamaq və yaxud əksinə, çox sərt qaydalar qoymaq və ya mühakimə kimi davranışlar uşaqda müəyyən problemlərərə səbəb olur.
Bir çox ailələr məktəbə onları imtahana hazırlayan bir qurum, müəllimləri isə uşaqlara məlumat ötürən insanlar kimi baxdıqları üçün müəllimlər yeni üsulları sınaqdan keçirə bilmirlər. Yeniliklərə cəhd edən müəllimlər olanda isə valideynlər buna sərt reaksiya göstərirlər. Bu zaman müəllimlər də sadəcə olaraq uşaqları klassik dərs üsulu ilə öyrətməyə davam edirlər. Əslində həyatda uğur və xoşbəxtliyi ön planda tutan çoxlu valideynlər var, lakin onlar çox vaxt bu kontekstdə müəllimlə əməkdaşlıq edə bilmirlər.
Məktəblər uşaqları imtahana yox, həyata hazırlayan qurumlar olmalıdır. Ona görə də valideynlər övladlarına faydalı olmaq üçün müəllimlə əməkdaşlıq etməlidirlər. İclasdan-iclasa məktəbə gəlmək (və yaxud orada da iştirak etməmək) və ya arabir müəllimlə söhbət etməkdənsə, övladlarınızın inkişafına dəstək olmaq üçün müntəzəm, planlı, faydalı görüşlər keçirilməlidir.
Həqiqi uğur yalnız müəllim və ailənin tam əməkdaşlığı ilə əldə edilə bilər.