Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
***
Bakıda məktəblilər arasında zəhərlənmə olub.
AzEdu.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.
İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında baş verib.
Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 20 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirib.
O söyləyib ki, 10-a yaxın şagirdin quş əti tərkibli qida qəbul etdiyini deyib.
Həmin şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər:
"Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.
Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”.
Qeyd edək ki, zəhərlənən şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.