Bir müddət öncə - fevralın əvvəlindən ümumtəhsil məktəblərində direktorlar, direktor müavinləri, müəllimlər, çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqqı artırıldı.
Saytımıza ünvanlanan suallar arasında diaqnostikadan keçmiş Uşaq birliyi təşkilatı rəhbərlərinin əməkhaqlarının artırılmasının nəzərdə tutulub-tutulmaması da var. Biz də suala aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət etdik.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, orta məktəblərdəki Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə əməkhaqqı artımı 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib və maksimum məbləğ 497 manat təyin olunub:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə əmək stajından və təhsildən asılı olaraq ödəniş dərəcələri diapazonu Vahid Tarif Cədvəlinin 7-10-cu dərəcələri arasında müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2023-cü il tarixli 12 nömrəli qərarına əsasən, 2023-cü il yanvarın 1-dən Vahid Tarif Cədvəli ilə müəyyənləşdirilən vəzifə maaşları artırılaraq dərəcələr üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir:
7-ci dərəcə üzrə 441 manat;
8-ci dərəcə üzrə 458 manat;
9-cu dərəcə üzrə 478 manat;
10-cu dərəcə üzrə 497 manat”.