Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş 5 və 12 mart tarixli buraxılış imtahanlarında üzrlü və ya üzrsüz səbəblərdən iştirak edə bilməyən 11-ci sinif şagirdləri təktrar imtahanda iştirak edə biləcəklər.
AzEdu.az saytı xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, təktrar imtahanda iştirak etmək istəyən 11-cilər bunun üçün Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edə bilərlər.
Məlumata görə, 2 aprel tarixində keçiriləcək təkrar imtahanda aşağıdakı şəxslər iştirak edə biləcəklər:
- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olunmaq istəyənlər;
- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları (11 illik);
- Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları (11 illik);
- Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri;
- Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər.