Dünən 11-cilərin buraxılış imtahanı keçirildi. Əlbəttə, hər kəs yüksək bal toplamaq istəyir, amma hər bir şagirdin öz bilik səviyyəsi var. Buna baxmayaraq, valideynlərin əksəriyyəti övladlarından ən yüksək bal toplamağı gözləyirlər. Gözləntiləri istədikləri kimi olmayanda övladlarına əsəbiləşir, danlayırlar.
Bir çox abituriyent belə olan halda depresiyaya düşür, hətta intihar etmək istəyənlər də olur. Bəs valideynlər imtahan müddətində və sonra övladlarına necə dəstək olmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Çinarə Kazımzadə bildirib ki, valideynlər övladlarına imtahana görə çox təzyiq göstərsələr, onlarda panik atak yarana bilər:
“Hər bir valideyn övladının yaxşı bal toplayıb yüksək karyera qurmasını istəyir. Lakin bu dövrdə onlar özləri də bilmədən övladlarına çox yüklənə və psixoloji təsir edə bilirlər. İmtahan prosesində iştirak edəcək olan şəxs şagirddir. O, həm valideynləri, həm müəllimləri qarşısında olan məsuliyyətini düşünür. Fikirləşir ki, imtahanda səhv edərsə, uğursuz olarsa, valideynlərinin ümidini doğrulda bilməz. Eyni zamanda, belə düşüncələr formalaşanda nəticə etibarı ilə şagirddə stress, gərginlik, ürəkbulanma və qusma kimi narahatlıqlar yarana, hətta panik ataka qədər aparıb çıxara bilər. Şagirdlərə dəstək kompleks şəkildə olmalıdır. Bu prosesdə valideynlər, müəllimlərlə yanaşı, ətraf mühitdəki tanışları da iştirak etməlidir. Hər hansı bir dəstəkləyici hərəkət etməsələr belə, şagirdlərə qarşı mənfi təsirlərdən uzaq olmalıdırlar. Abituriyentlərə imtahan ərəfəsində şərait yaradılmalıdır ki, beyni dincəlsin, özünü mənəvi və psixoloji cəhətdən rahat hiss etsin.
Valideyn övladına qarşı yanaşmasında ona hiss etdirməlidir ki, övladına olan sevgisi onun qiymətlərindən asılı deyil. Bəzən şagirdlər elə düşünür ki, onlar uğursuz olduqları halda heç kim onları sevməyəcək və dəyər verməyəcək, buna görə də sözügedən abituriyentlər az bal toplayanda vəziyyət intihara qədər gedib çıxa bilir. Valideynlər övladlarına “sən bu balı toplamasan, kəsilsən, həyatın pis olacaq” kimi mənfi düşüncələr yükləməməlidir, əksinə nəticədən aslı olmayaraq övladlarını sevdiklərini bildirməli və bu haqda onlarla danışıq aparmalıdırlar.
Əgər şagird imtahan ərəfəsində əziyyət çəkirsə, psixoloqdan professional dəstək ala bilər”.