Son zamanlar sosial şəbəkələrdə növbəli məktəblərin direktorlarının pul müqabilində valideynlərdən növbəni dəyişməsini istədiyi ilə bağlı iddialar səslənir.
Bu, da öz növbəsində valideynlərin etirazına səbəb olub.
Həmin məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov qeyd edir ki, çoxnövbəli məktəblərdə təhsil prosesinin həyata keçirilməsinin mürəkkəbliyindən söz açıb:
“Cəmiyyət və dövlət olaraq, anlamalıyıq ki, çoxnövbəli məktəb sistemində təlim-tərbiyə prosesini təşkil etmək demək olar ki, mümkünsüzdür. Araşdırmalar göstərir ki, ölkəmizdə 1000-dən yuxarı məktəb iki növbəli sistemdə işləyir. Bunun qarşısını almaq üçün dövlət proqramı qəbul edilməli və yeni məktəblər tikilməlidir”.
O, sıxlığın ən çox hansı ərazzilərdə formalaşdığından söz açıb:
“Ən çox sıxlıq Bakı, Abşeron və Sumqayıt ərazisindədir. Həmçinin, Bakıətrafı Xırdalan, Masazır və Mehdiabad kimi ərazilərdə sıxlıq həddindən artıq çoxdur. Burada əhali urbanizasiya sayəsində çox məskunlaşıb. Çoxnövbəli məktəb sistemi ləğv edilməldir, sonuncu dəfə 2019-cu ildə ölkə Prezidenti yeni məktəblərin tikilməsi ilə bağlı 47 milyon manat pul ayırdı”.
Ekspert qeyd edir ki, sıxlığın qarşısını bir sıra yollarla almaq olar:
”Çoxnövbəli məktəb sistemində valideynlərin iş yeri və məskunlaşma sahəsi nəzərə alınmalıdır. Valideynlər məktəb müəllimlərinə müraciət edir və övladlarınının başqa növbəyə keçirilməsini xahiş edirlər. Deyə bilmərik ki, bütün hallarda burada pul alınmasından söhbət gedir. Belə vəziyyətlərdə məktəb direktorları çıxış yolu kimi müəyyən güzəştli addımlar atırlar. Lakin bu güzəştin arxasında nə durduğunu deyə bilmərik. İddia edə bilmərik ki, direktorlar ancaq pula görə bunu edir, əgər bu kimi hallar varsa, valideyn yaşadıqları yerin prokurorluğuna və Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər”.