Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Abdulla Şaiqin Mənzil-Muzeyində tərtib edilmiş “Şaiq Nümunə məktəbi” kitabının təqdimat mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, yüksək poliqrafik səviyyəli, nəfis tərtibatlı yeni kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Aspoliqraf” nəşriyyatında çap olunub. Kitabın tərtibçiləri Ülkər Talıbzadə və Arzu Hacıyeva, elmi redaktoru A.Bayramoğludur. “Şaiq Nümunə Məktəbi” kitabında Abdulla Şaiq Talıbzadə tərəfindən əsası qoyulan Şaiq Nümunə Məktəbinin yaranması, fəaliyyəti barədə məlumat verilir. Həmçinin Şaiqin müəllim həmkarları, Nümunə Məktəbində oxuyan və digər təhsil müəssisələrində Şaiqdən dərs alan tələbələri haqqında informasiya, onların müəllimləri barədə xatirələri yer alır. Kitabda Abdulla Şaiqin Mənzil-Muzeyinin Əsas fondunun və arxivinin nadir materiallarından istifadə edilib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə yeni nəşr haqqında məlumat verib və qonaqları tamaşaçılara təqdim edib. Çıxışında məktəbin yaranma tarixinə toxunan Ü.Talıbzadə Abdulla Şaiqin özünün xatirələrində qələmə aldığı mühüm fakt və fikirlərin də kitabda yer aldığını nəzərə çatdırıb.
Azərbaycan Pedaqoji Universitetinin professoru, Əməkdar elm xadimi Fərrux Rüstəmovun Şaiq Nümunə Məktəbinin yaranma tarixinə dair söhbəti maraqla dinlənilib. Fərrux Rüstəmov Cümhuriyyət dövründə məktəblərin milliləşdirilməsi işində Abdulla Şaiqin ilk anadilli siniflərin yaradılması yolunda apardığı gərgin və məsuliyyətli fəaliyyətindən danışıb. O, təqdimat iştirakçılarına məktəbin tarixi ilə bağlı önəmli fakt və məqamlarından da bəhs edib.
“Şaiq Nümunə məktəbi”nin yeni nəşrinin tərtibçilərindən olan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva çıxışında Şaiq Nümunə Məktəbinin həyata keçirdiyi ictimai missiyanın əhəmiyyəti, məktəbin milli kadrlar yetişdirilməsi sahəsində müstəsna rolu kimi məsələlərə toxunub. A.Şaiqin elm, mədəniyyət, ədəbiyyat sahəsində görkəmli yeri və xidmətləri olan tanınmış tələbələri barədə fikirlərini bölüşüb.
Təqdimat mərasiminə Şaiq Nümunə Məktəbinin müəllim və tələbələrinin varisləri dəvət edilib. Cəfər Cabbarlının nəvəsi Qəmər Bağırova, Hacıməmməd Qafqazlının qızı Nəzakət Qafqazlı, Məmməd Arif Dadaşzadənin nəvəsi Aqşin Dadaşzadə çıxışlarında yeni nəşri yüksək dəyərləndirib, muzeyin kollektivinə, kitabın müəlliflərinə, nəşrdə əməyi keçən hər bir kəsə təşəkkürlərini bildirdilər.
Təqdimatda iştirak edən “Aspoliqraf” nəşriyyatının rəhbəri Tural Axundov kitabın nəşri ilə bağlı bəzi maraqlı məqamları bölüşüb, muzeyin kollektivi ilə apardığı yaradıcı iş birliyindən məmnun olduğunu bildirib.
Abdulla Şaiqin məşhur “Xatirələrim”dən ən sevimli şagirdlərindən biri, Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlı ilə bağlı olan bir hissəni muzeyin əməkdaşı Günel Əsədova səsləndirib. Bu xatirənin səsləndirilməsi qonaqlarda xoş hisslər oyatdı və sanki onu ehtiramla yad edən tədbir iştirakçılarına Abdulla Şaiqin özünün duyğularını çatdırmış oldu.