”Çox təəssüf ki, şagird və tələbələrin intihar halları və onlara qarşı tətbiq edilən zorakılıq faktlarını mediadan oxuyuram. Gənclərimizin intihara meyillilik göstərməsi məndə çox təəssüf doğurur. Bu, çox ciddi məsələdir, demək ki, burada daha ciddi səbəb olub”.
Bunu AzEdu.az-a açıqlamasında sabiq təhsil naziri, professor Misir Mərdanov deyib. Sabiq nazir son zamanlar təhsil sahəsində baş verən intihar və zorakılıq hallarına da münasibət bildirib:
“Çalışıb, o səbəbləri aradan qaldırmaq lazımdır. Bəlkə də, ölkə üzrə monitorinq keçirilməldir ki, bütün bu intihar hallarının başvermə səbəbləri bilinsin. Daha sonra isə ona qarşı tədbirlər planı hazırlamaq vacibdır. Hər halda bu da cəmiyyəti maraqlandıran çox ciddi məsələlərdən biridir. Mənə elə gəlir ki, bu problemlə xüsusi maraqlanmaq, hər bir intiharın dəqiq səbəbini öyrənmək lazımdır. Burada günahkarı tapmaq mühüm məsələlərdən biridir. Bilmək lazımdır ki, intihar və zorakılıq halının törədilməsində valideyn, dost və məktəbin günahı nə dərəcədədir. Ümumiləşdirib belə halların baş verməməsi üçün proqram hazırlayıb ölkə üzrə həyata keçirmək mütləqdir”.