Artıq bir neçə gündür ki, 2022-2023-cü tədris ilinə start verilib.
Yeni tədris ilinə ölkə təhsili bir sıra problemlərlə qədəm qoyur.
Lakin bu problemlərin hər biri müxtəlif şəxslər üçün fərqli xarakter daşıyır və onlar bu kimi halları fərqli baxış bucaqlarından görürlər.
AzEdu.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri Misir Mərdanov yeni tədris ilinə müəllim problemi ilə qədəm qoyduğumuzu vurğulayır:
”Düşünürəm ki, bütövlükdə həm ümumi orta, həm də ali təhsil sistemində ən ciddi problemlərdən biri müəllimlərlə bağlıdır. Bu probleminin həlli istiqamətində çox ciddi işlərin görülməsinə ehtiyac var. İlk növbədə onların peşəkar şəkildə hazırlanması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Bu işi ölkəmizdə ali təhsil müəssisələri həyata keçirir. Universitetlərimiz müəllim hazırlığı məsələsinə çox ciddi fikir verməlidilər. Bu kimi nüanslara əvvəllər təkmilləşdirmə və ixtisasartırma deyirdilər. Hazırda təhsil işçilərinin ixtisaslarının artırılmasına və müasir texnologiyalara yiyələnməsi məsələsinə ciddi ehtiyac var. Müəllimlərin seçilməsi və onların yerləşdirilməsinə də vacib fikir verilməlidir. Mənə elə gəlir ki, təhsildə ən ciddi problem müəllimlərin peşəkar inkişafı ilə bağlı olan məsələdir. Düşünürəm ki, biz yeni tədris ilinə müəllim problemi ilə qədəm qoyuruq. Çünki müəllim yerində olmasa, təhsilin inkişafından danışmaq olmaz”.
O, qeyd edir ki, son zamanlar bu problemin həlli istiqamətində bir sıra işlər görülüb:
”Bu problemin həlli ilə bağlı xeyli işlər görülüb. Cənab Prezident İlham Əliyev müəllimlərin əməkhaqqılarının artırılması ilə bağlı qərar verib. Yaxın zamanlarda məktəb direktorlarının əməkhaqqının artırılması haqqında qərar qəbul edildi. Bunların hamısı təhsil işçilərinin peşəkar inkişafının formalaşması istiqamətində atılmış çox ciddi addımlar sırasındadır. Ancaq bəzi məsələləri nəzərə almaq lazımdır, hər adamı məktəbə və ali təhsil müəssisəsinə müəllim kimi götürmək olmaz. Dünyanın hər yerində belədir ki, müəllim olmaq üçün xüsusi pillələrdən, imtahan və sorğulardan mütləq keçmək lazımdır. Bu baxımdan sertifikasiyanın davamlılığı çox vacibdir. Çünki müəllim məktəb və təhsildə əsas simadır. 2022-2023-cü tədris ilinin əsas məsələsi məktəblərdə müəllimlərin inkişafının artırılması olmalıdır”.