Prezident İlham Əliyev 2021-ci il dekabrın 20-də “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata əsasən, Azərbaycanda ümumilikdə 1825 məktəbəqədər təhsil müəssisəsi var. Bu təhsil müəssisələrinin 1692-si dövlət məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrində təhsil alan 126 min 509 çox uşağın 121 min 385-i dövlət məktəbəqədər təhsil müəssisələrində oxuyur.
2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb.
Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Həmçinin layihə, məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır.
2021-22-ci tədris ilində 349 yeni icma əsaslı məktəqəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb. Ümumilikdə respublikanın 55 şəhər və rayonunda 849 qrup fəaliyyət göstərir.