Vətən Müharibəsinin ən böyük qürurlu bizə Zəfəri qazandıran şəhidlərimizdir.
Aralarındakı yeganə xanım şəhidimiz isə Arəstə Baxışovadır. O, tibbi xidmət göstərərkən bu zirvəyə ucalıb.
Xanım şəhidimizin adının əbədiləşdirilməsi üçün bir sıra addımlar atılır, Arəstə Baxışova böyük örnək olaraq göstərilir.
AzEdu.az xəbər verir ki, Goranboy rayon Səmədabad kənd tam orta məktəbində birinci siniflər üçün nəzərdə tutulan otağa şəhid Arəstə Baxışovanın adı verilib.
Məktəbin ibtidai sinif müəllimi Şəlalə Mürsəlova bu ideyanın necə formalaşdığından söz açır:
“Goranboy Rayon Təhsil Şöbəsindən müəllimlərə deyildi ki, pedaqoji şuranın qərarı ilə məktəblərdə siniflərə şəhidlərin adı verilsin. Mən könüllü surətdə yeganə şəhid xanımımız Arəstə Baxışovanı seçdim. Lakin onun ailəsini tanımırdım. Şəhidimizin adını birinci siniflərin təhsil aldığı otağa verdik. Şagirdlər bundan çox məmnunluq və sevinc hissi keçirdilər. Birinci sinif olmalarına baxmayaraq, onun haqqında informasiyalar toplayıb müxtəlif məlumatlar öyrəndilər. Uşaqlar hər yerdə çox həvəslə deyirdilər ki, biz Arəstə Baxışovanın sinfində təhsil alırıq. Hətta bu hadisə balacalara o dərəcədə təsir etdi ki, qiymətlərini yüksəldərək əlaçı oldular”.
Müəllim şagirdləri ilə bərabər Arəstə xanım evinə yollanmağı və onun ailə üzvləri ilə görüşməyi planlayır:
“Arəstə xanımın mayın 5-i doğum günüdür. Amma biz onun ailəsinin yanına daha əvvəl getmək qərarına gələrək 23 apreldə Bakıya ziyarətə yollanacağıq. Ailə ilə görüşüb, ünsiyyətdə olmağı çox istəyirik. Hətta indidən hazırlıq işləri də görmüşük: müxtəlif suvenirlər alaraq tort bişirməyi planlayırıq, onun şəklini xatirə fotosu formatında hazırlatmışıq. Arəstə xanımın ailəsinə xəbər də vermişik, şagirdlərimiz də böyük həvəslə müxtəlif çıxışlar hazırlayır. Hamımız hərbi libaslarda olacağıq”.
Şagirdlər dərs zamanı belə Arəstə xanımı yada salırlar:
“Dərs vaxtı Arəstə Baxışovanın şəkli olan yaxalığı taxırıq. Həmçinin, onun adını sinifimizin qapısına yazırıq ki, gəlib-gedən hamı şəhidimizi xatırlasın. Sinfin adı 1-ci, deyil, şəhid Arəstə Baxışova adına kimi yazılıb. Şagirdlər qürur hissi ilə deyillər ki, biz Arəstə xanıma layiq olmalıyıq. Onlar az yaşda olmalarına baxmayaraq şəhidə çox yüksək qiymət verir və dəyərləndirirlər. Mənə dedilər ki, biz Arəstə Baxışovanın evinə getmək istəyirik, onun övladlarını görüb, ünsiyyətdə olmaq bizə xoş olardı. Mən də onların hər birinin valideynlərindən icazə alaraq arzularını reallaşdırmaq üçün şəhid xanımımızın evinə aparıram. Valideymlər də çox dəstək oldular, hətta onlar da getmək istəyirlər. Müxtəlif plakat, bayraqlar hazırlayaraq Arəstə xanımın doğum gününə hazırlaşırıq. Birincilər şəhid xanımla fəxr etdiklərini şəhid anasına çatdırmaq istəyirlər”.