Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə məktəbin 4 c sinif şagirdləri müxtəlif dünya ölkələrində qadınların bu günü qeyd etməsilə bağlı səhnəciklə çıxış ediblər.
AzEdu.az xəbər verir ki, səhnəcikdə 30 il sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iştirak edən qəhrəmanlardan bəhs edilib, müharibə iştirakçıları və şəhid analarının qələbə vacib rolu vurğulanıb.
Öz çıxışında şagirdlərə təşəkkürünü bildirən məktəbin direktoru Nəcibə Axundova bu qələbədə Azərbaycan qadınlarının rolundan danışıb:
“Bu gün məktəbimizin 4 ç sinif şagirdləri tərəfindən hazırlanan “Analar günü” adlı gözəl bir tamaşa izlədik. Tamaşada şagirdlərimizin bütün dünyanı virutal olaraq gəzərək müxtəlif xalqlardan olan qadınları təbrik etdilər. Həmçinin biz də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edirik. Biz sülh ölkəsiyik və bütün ölkələrə də sülh arzulayırıq. Eyni zamanda şagirdlərimiz xanım müəllimlərimizi də təbrik etdilər. Biz də məktəb olaraq həm öz müəllimlərimiz, həm də bütün Azərbaycanda çalışan qadın müəllimlərimizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara can sağlığı arzulayırıq. Azərbaycan müəllimi humanist, yardımsevər, cəmiyyətimiz, xalqımız üçün gözəl vətəndaş yetişdirən, tərbiyə edən müəllimdir. Hər birini təbrik edir, can sağlığı arzulayırıq”.
Tədbirin təşkilatçısı, 4 ç sinif müəlliməsi Fəridə Qənbərova tədbir üçün bir ay ciddi hazırlıq görüldüyünü bildirib:
“Biz ibtidai təhsilin sonuncu pilləsi olan dördüncülərlə birlikdə “Analar günü” adlı tamaşamızı təqdim etdik. Bu tamaşaya artıq bir aydır ki, hazırlaşırdıq. Şagirdlər çox böyük həvəslə hazırlaşırdılar, çünki bu bayramın “Ana” adı ilə bağlı idi. Bu ad ülvidir, müqəddəsdir. Tədbirimizdə dünya xalqlarında yaşayan qadınları təbrik etdik, onların təbriklərini aldıq. Sonda isə uşaqların şən əhval-ruhiyyəsilə ölkəmizə qayıtdıq. 44 günlük müharibədə qazandığımız zəfərə görə biz o igidləri yetişdirən analarımıza borcluyuq. Arzu edirəm ki, bütün analarımızın gözləri heç zaman yaşla dolmasın”.
Tədbirə xüsusi qonaq qismində dəvət olunan anasını soyqırımda itirmiş Xocalı sakini Kübra Mahmudova dəvət üçün direktora öz təşəkkürünü bildirib:
“Bir şəhid övladı olaraq məktəb direktorumuzun dəvətilə bu gözəl şagirdlərimizin tədbirində iştirak etdim. Mənə vaxt ayırıb dəvət etdikləri üçün öz təşəkkürümü bildirirəm. Mən də bütün dünya qadınlarını, həmçinin Azərbaycan qadınlarını, ən əsası isə şəhid anamın timsalında bütün şəhid analarını təbrik edir, əllərindən öpürəm. Başda Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olmaqla bütün bütün Azərbaycan xanımlarının bayramlarını təbrik edirəm. Məktəbin direktoru Nəcibə xanımı da ürəkdən təbrik edir və dəvət üçün təşəkkürümü bildirirəm".
Sonda məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlər təltif olunub.