Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadası keçirilib.
AzEdu.az xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş, 12 bürünc medal olmaqla ümumilikdə 15 medal qazanıblar.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Qarayeva gümüş, həmin liseyin 10-cu sinif şagirdi Cəlil Hüseynov bürünc, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Elçin Musazadə gümüş, Bakı şəhəri 72 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Cavad İsmayılzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Fidan Cəfərli bürünc medallar qazanıblar.
Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Sadiq Sadıxzadə və Murad Abdulkərim, həmin liseyin 11-ci sinif şagirdi Rüfət Məmmədov, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Nicat Abbasov, Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Vaqif Əliyev, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Rəfsan Həbibullayev bürünc medallara layiq görülüblər.
İnformatika fənni üzrə isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən indiyədək bu olimpiadada 4 qızıl, 30 gümüş, 53 bürünc olmaqla ümumilikdə 87 medal qazanıblar.