“Artıq məktəblər açıldı, iki ildir distant təhsildə şagirdlər çox geri qalırdı. Bu il keçirilən orta məktəb imtahanlarındakı bal ortalaması da bunu göstərirdi”
Bunu AzEdu.az-a açıqlamasında Türkiyənin İstanbul şəhərində yerləşən Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru Məshəti Şərif Özyurek deyib.
Direktor Türkiyədə peyvənd olunmayan çox sayda müəllimin olduğunu bildirib:
“Məktəblərin açılması zamanı əsas şərtlərdən biri müəllimlərin peyvənd olunması idi. Peyvənd olunmayan müəllimlərin tədbir məqsədilə hər həftə PCR testi verməsi vacib şərtdir. Bizim məktəbdə isə müəllimlər tam peyvənd olunub. Amma Türkiyədə peyvənd olunmayan müəllimlərin sayı çoxdur. Bu səbəblə PCR testinin verilməsi şərt hesab olunur. Bu məcburiyyətdən sonra müəllimlər peyvənd olmağa başladı”.
O, məktəbdaxili qaydalardan danışarkən həm müəllimlərin,həm də şagirdlərin maska taxmalı olduğunu vurğulayıb:
“Eyni zamanda məktəblər daim dezinfesikasiya edilir. Həm müəllimlər, həm də şagirdlər məktəb daxilində maska taxmalıdır. Valideynlərdən COVİD-19 pasportu tələb olunmur. Amma hər hansısa sinifdə yoluxma halı olduğunda, o sinif 14 gün karantinə alınır. İndiyə kimi Türkiyədə 200-dək məktəb karantinə alınıb. Ancaq hələ ki, Təhsil Nazirliyi əyani təhsilin davam etdirilməsində qərarlıdır. Bu səbəblə distant təhsilə keçid hazırda gözlənilmir. Buna baxmayaraq, təbii ki, elmi şuranın qərarını da öncədən demək çətindir. Hazırda hökumət daha tez bir şəkildə peyvəndlənmənin bitməsi və immuntetin formalaşması istiqamətində çalışır”.
Direktor son olaraq,-“Ümumilikdə pandemiya dövründə təhsil səviyyəsi çox aşağı düşüb. Bunu keçən həftə Təhsil Nazirliyinin 4 və 6-cı siniflərdə keçirdiyi yoxlama imtahanlarının nəticələri də göstərdi”- deyə bildirib.