Bir ildən çoxdur ki, dünyanın mübarizə apardığı koronavirus pandemiyasının ən çox ziyan vurduğu sahələrdən biri də təhsil oldu.
COVİD 19-dan müdafiə məqsədi ilə dünya ölkələri təhsil müəssisələrində əyani tədrisi dayandıraraq,distant təhsilə keçdi. Bu bəzi ölkələrin təhsil sistemi üçün gözlənilməz yenilik olduğundan müəyyən problemlər yarandı.
Geridə qoyduğumuz təhsil ilində yoluxma və sağalma nisbəti, eyni zamanda vaksinasiya prosesinə görə, hətta bir neçə ölkə bir müddətlik tədrisin təşkilini əyani şəkildə həyata keçirdi.
Yeni tədris ilinin başlamasına çox az zaman qaldığını nəzərə alaraq insanları ən çox maraqlandıran suallardan biri də tədrisi ilinin xüsusi ilə qonşu ölkələrdə hansı şəkildə başlayacağıdır.
AzEdu.az qonşu ölkələrin 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı verdiyi qərarları təqdim edir.
1.Türkiyə məktəblərində dərslər əyani şəkildə başlayacaq, ancaq universitetlərlə bağlı müzakirələr davam edir
Türkiyədə 2021-2022-ci tədris ili 6 sentyabrda başlayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan və Təhsil Naziri Mahmut Özer, məktəblərdə bütün siniflər üçün həftənin 5 günü əyani tədrisin aparılacağını açıqlayıblar. Təhsil naziri Mahmut Özər ,məktəblərdə əyani tədrsiin davamlılığı üçün maska,sosial məsafə və daimi dezinfeksiya qaydalarına ciddi şəkildə əməl olunmasını tağşırıb. Nazir bildirib ki, təhsil işçiləri məktəbə gələrkən mütləq maska taxmalıdır, şagirdlər isə hetiyac duyulacağı təqdirdə məktəb daxilində maskayla təmin ediləcəklər. Məktəbin işçiləri və şagirdlər xaricində məktəbə giriş-çıxış rəhbərlik tərəfindən məhdudlaşdırılacaq.
Türkiyə Ali Təhsil Şurası rəsmi proqramlardaəyani təhsilə başlamaq üçün lazımi işlərin aparıldığını açıqlayıb. Yoluxmanın gedişatına əsasən təhsilin əyani,yaxud distant davam ediləcəyinə qərar verləcəyini bildirib. Hazırda bununla bağlı araşdırmalar davam edir.Ali təhsil müəssisələrində dərslər 13 sentyabrdan etibarən başlayacaq.
2.Rusiyada məktəblər əyani formada açılacaq, ancaq universitetlər yekun qərarı özləri verəcək
Sentyabrın 1-dən etibarən rus məktəblərində anti-epidemioloji tədbirlər gücləndiriləcək. Rusiya Təhsil naziri Sergey Kravtsov bildirib ki, yeni tədris ili distant formada deyil, əyani şəkildə təşkil ediləcək.Nazir hər kəsi məktəblərdə qaydalara riayət etməyə çağırıb:
"Epidemioloji vəziyyət nəzərə alınmaqla, şagirdlərin, müəllimlərin, məktəb heyətinin sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər gücləndiriləcək. Hər kəsdən bu tədbirlərə anlayışla yanaşmalarını xahiş edirəm".
Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov isə universitetlərin bu barədə qərarı özlərinin verəcəyini deyib:
“Universitetlərin 98% -i tədris ilinə sentyabrın 1 -dən başlayacaq, təhsilin formatı ilə bağlı qərarı bölgədəki epidemioloji vəziyyətdən asılı olaraq təhsil müəssisələri özləri qəbul edəcək”.
3.Gürcüstanda həm məktəblər, həm də universitetlər yeni tədris ilinə distant formada başalayacaq
Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul edilən qərara əsasən, yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq. Bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək. Ali və peşə məktəblərində də eyni qayda tətbiq olunacaq.
Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə isə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.
Qeyd edək ki, tədris planına əsasən, Azərbaycanda yeni tədris ilinə 15 sentyabrdan start veriləcək. Ancaq təhsil müəssisələrində dərslərin hansı formada başalayacağı ilə bağlı qərar yoxdur.