Norveç inkişaf tempinə görə, Avropa ölkələrinin ortaq göstəricilərindən daha üstün həyat standartlarına sahib olduğu üçün Avropa Birliyinə aid deyil.
Burada ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ali məktəblərdə oxuyan 195000-ə qədər tələbədən 24.500-ü özəl kollec və ya kollec-universitetlərdə təhsil alır. Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi isə Oslo Universitetidir. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.
AzEdu.az Norveç təhsili haqqında bilmədiklərinizi təqdim edir:
Norveçdə ali təhsildə üçillik bakalavriatura, ikiillik magistratura və üçillik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).
Norveçdə tələbələrə çoxlu güzəştlər olunur. Nəqliyyatda tələbələr aşağı qiymətə aylıq kart ala bilərlər.
Həmçinin universitet ərazisində çoxlu tələbə yeməkxanaları var. Oslodakı tələbə təşkilatı SiO ucuz yataqxana yerləri də təklif edir.
Bildirək ki, Norveçdə təhsil ingilis və Norveç dilindədir. İngilis dilində təhsil almaq istəyən tələbələr bu dildə 200-dən artıq bakalavr və magistr proqramlarını seçə bilərlər.İngilis dili üçün TOEFL PBT: minimum - 500, TOEFL IBT minimum – 60, IELTS minimum 5.0 tələb olunur.
Norveç dövlət universitetlərində semestr haqqı 30 – 70 avro arasında dəyişir. Özəl müəssisələrdə isə təhsilhaqqı ortalama 8.000 – 20.000 avrodur. Yaşayış xərclərinə gəlincə isə illik ortalama qiymət 6.000 avro təşkil edir.
Qeyd edək ki Norveçə viza rüsumu 35 avrodur.