Paytaxt məktəbliləri arasında təşkil olunan “Nizami dünyası” adlı intellektual müsabiqənin final mərhələsi keçirilib.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, onlayn qaydada (xüsusi proqram təminatı ils.edu.az vasitəsilə) keçirilən müsabiqənin final mərhələsi BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri tərəfindən “Microsoft Teams” platforması vasitəsilə izlənilib.
Müsabiqənin final mərhələsində ümumilikdə 37 şagird iştirak edib. Onlardan 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) Təşkilat Komitəsi tərəfindən qalib kimi müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, şagirdlərə şairin irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.