Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
İnstitutdan bildirilib ki, mayın 31-dən iyunun 4-dək Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Ağdam, Bərdə, Tərtər və Naftalan üzrə metodik kabinetlərin əməkdaşları ilə görüşlər keçirilib. MDM-in əməkdaşları həmin rayon və şəhərlərdə 100-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.
MDM-in nümayəndələri səfər zamanı Bərdə şəhərində təhsil şöbəsinin və metodik kabinetin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.