Təhsil sahəsindəki islahatlar, həyata keçirilən tədbirlər həm tədrisin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb.
Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır.
Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məktəblər olub. Onların bir qisminin tarixində isə bir ilk qeydə alınıb-həmin məktəblərin bir sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu qəbildən olan orta məktəblər sırasında paytaxt məktəbləri ilə yanaşı, bölgə məktəbləri də var.
Bu məqsədlə rayon təhsil şöbələri ilə əlaqə saxlayaraq bölgə məktəblərinin ən fərqlənənlərini öyrənib ictimaiyyətə çatdıracağıq.
Bu dəfə təqdim edəcəyimiz bölgə Gəncədir. Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevin AzEdu.az-a verdiyi müsahibəyə əsasən, aşağıdakı məktəblər rayon üzrə müvafiq göstəricilərinə görə fərqlənir. Həmin siyahını təqdim edirik:
QEYD: Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 43 tam orta, 1 xüsusi, 1 ümumi orta məktəb və 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 46990 şagird təhsil alır ki, şagirdlərdən 21719 nəfəri qız, 25271 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərində çalışan işçilərin sayı 5051 nəfərdir ki, onlardan 3521 nəfəri müəllimdir.
-Hansı məktəblərin ali məktəblərə qəbul göstəriciləri daha yüksəkdir?
-Sevindirici haldır ki, ali məktəblərə qəbulla bağlı göstəricilər ilbəil artır. 2019-2020-ci tədris ilinin yekununda ali məktəblərə qəbul olan abituriyentlərin 143 nəfəri 500-dən yüksək, 54 nəfəri isə 600-dən yüksək bal toplayıb. Bununla belə Gəncə şəhər İ. Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey 77,3% göstərici ilə şəhər üzrə ən yüksək qəbul nəticəsi əldə edib.
-Hansı ümumtəhsil məktəblərində Respublika Fənn Olimpiadasında iştirak sayı daha çoxdur?
-İstedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsi məqsədi ilə keçirilən Respublika Fənn Olimpiadalarının şəhər mərhələsində Gəncə şəhəri üzrə 740 şagird iştirak edib. Həmin şagirdlərdən 168 nəfəri fənn olimpiadasının yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Yarımfinal turunun nəticələrinə əsasən 12 nəfər final mərhələsində iştirak etmək hüququ qazanıb. Respublika fənn olimpiadalarının nəticələrinə əsasən Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin 4 nəfər şagirdi, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin isə 2 nəfər şagirdi final turunda iştirak etmək hüququ qazanıb, bu isə şəhər üzrə ən yüksək göstəricidir.
-Müəllimlərin müvəffəqiyəti ilə daha çox seçilən məktəblər hansılardır?
-Tədrisin distant formada həyata keçirildiyi bir zamanda müəllimlərimizin fədakarlıqla, müxtəlif üsul və vasitələrdən istifadə etməklə dərs prosesini icra etmələri bizi çox sevindirir. Ümumiyyətlə Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən gün ərzində 350-dək dərs izlənilir. GŞTİ olaraq distant tədrisin həyata keçirildiyi müddətdə “Ən yaxşı distant dərs” və “Ən yaxşı distant sinif” müsabiqəsi həyata keçirildi. Müəllim müvəffəqiyəti barədə danışırıqsa əlbəttə ki, şagirdlərdən də danışmalıyıq. Mən xüsusi nailiyyətlər əldə edən bir neçə şagird və məzun barədə danışmaq istəyirəm. Gəncə şəhər 31 nömrəli tam orta məktəbin məzunu Əli Quliyev “2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.
Əli həmçinin ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medala da layiq görülüb. Bundan başqa Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin şagirdi Əziz Hüseynov son 3 il ərzində Respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 27 nömrəli məktəb-liseyin şagirdi Rəsul Əliyev müxtəlif vaxtlarda beynəlxalq səviyədə keçirilən robot olimpiadalarında yüksək nəticələr əldə edib.
Rəsul Əliyev həmçinin uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.
Texniki imkanları ilə fərqlənən-komputer təminatı, ümumi təmiri daha yaxşı olan ümumtəhsil məktəbləri hansılardır?
-GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-lisey, İ. Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey və M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə xüsusi olaraq yüksək komputer təminatı ilə təmin edilib. Bundan başqa təmirli məktəblərimizi xüsusilə qeyd etmək istərdim. 2020-2021-ci tədris ilində Gəncə şəhər 28 nömrəli tam orta məktəb yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində Təhsil naziri Emin Əmrullayev iştirak edib. Yeni tikilmiş məktəb 1170 şagird yerlikdir. Məktəbdə 45 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri, kitabxana, komputer zalı, yeməkxana da fəaliyyət göstərir. Həmçinin 7, 14, 16, 18, 25, 30, 31, 32, 34, 40, 41 və 43 nömrəli tam orta məktəblər təmirli məktəblərdəndir. Hal-hazırda isə M.Hadi adına 10 nömrəli tam orta məktəbdə tikinti işləri həyata keçirilir.