“Yoluxma sayında azalma olacaqsa, təhsil yenidən əyani formaya keçəcək”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov deyib.
O, nazirliyin keçirdiyi ictimai rəy sorğusu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant formaya keçirilməsinə münasibət bildirib:
“Müvafiq qərarla Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində və Abşeron rayonunda təhsil distant formaya keçirilib. Bu qərarın mahiyyətində Azərbaycan insanının, təhsilalanların, təhsilverənlərin və pedaqoji heyətin sağlamlığı əsas faktor olaraq nəzərə alınıb.
Yoluxma sayının kifayət qədər artması və bunun qeyd olunan şəhər və rayonlarda olması qərarın verilməsinə zərurət yaradıb.
Təhsil naziri cənab Emin Əmrullayevin sosial şəbəkə hesabında insanların rəy və sorğularını öyrənməsi nəticəsində böyük əksəriyyət məhz qeyd olunan rayonların distant təhsilə keçməsinin vacibliyini qeyd edib. Təəssüf ki, həqiqəti əks etdirməyən bəzi fikirlər mətbuat və sosial şəbəkələrdə paylaşılmaqdadır. Təhsil müəssisələrinin qapadılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri, apardığı çoxsaylı araşdırmalar, monitorinqlərin nəticələri , toplanmış materialların analizi nəticəsində gəlinən yekun rəy nəticəsində verilən qərarlar müəyyənləşdirir.
Qapadılma qərarlarını Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir. Nəzərə alsaq ki, yoluxma sayında artımın olması bu qərarın vacib və zəruriyilini ehtiva edir. Hesab edirəm ki, dövlət vətəndaşlarının sağlamlığı üçün narahatdır və bununla bağlı müvafiq qərarların verilməsinə israrlıdır. Verilən qərar çox peşəkar və doğrudur. Ümid edirəm ki, vətəndaşlar qaydalara əməl edəcək və biz yoluxma sayında yenidən azalma müşahidə edə biləcəyik. O zaman adı çəkilən şəhər və rayonlardakı məktəblər tədris ilinin sonunda yenidən ənənəvi təhsilə qayıda biləcək. Hazırkı qərar müvəqqəti xarakterlidir və konkret dövrü əhatə edir. Bu dövr ərzində yoluxma sayında azalma olacaqsa, yenidən əyani formaya keçidi təmin edəcəyik”.