Dünya ölkələrinin özlərinə məxsus təhsil sistemləri mövcuddur.
Bəzi təhsil sistemləri digər ölkələr tərəfindən nümunə olaraq qəbul edilir. Almaniya təhsil sistemi də bu nümunələr sırasındadır.
Bəs Almaniya necə bir təhsil sisteminə sahibdir? Şagirdlər bu sistem çərçivəsində nələr öyrənir? Nə kimi fərq və özəllikləri var? Sistem neçə səviyyədən ibarətdir?
AzEdu.az xarici KİV-ə istinadən bu suallara cavab olaraq dünyaya nümunə Almaniya təhsil sistemi haqqında ətraflı araşdırmanı təqdim edir:
Yaxşı təşkil edilən tədris modelində şagirdlər bərabər bir sistemdə təhsil alırlar. Bu modeldə şagirdlər universitet səviyyəsinə kimi ailənin maddi dəstəyinə ehtiyac duymadan, rahatlıqla, bərabər səviyyədə tədris görürlər. Almaniya təhsil sistemi tələbələrin təhsil alarkən eyni zamanda işləməsinə şərait yaradır və bu sayədə tələbələr artıq öz ayaqları üzərində dayana bilirlər. Universitetlərin akademik sıralamasına görə Almaniya dünyanın ən yenilikçi və köklü ali təhsil müəssisələrinə sahibdir və burada təhsil almaq hər tələbə üçün bir şansdır.
Almaniyadakı təhsil səviyyələri
Almaniyada 6-15 yaş arası bütün şagirdlərin gündəlik məktəbə gəlmələri, təhsillərini davam etdirmələri məcburidir. Ancaq şagirdlər adətən 18 yaşına kimi məktəbə gəlir. Almaniya təhsil sistemində şagirdlər 3 fərqli səviyyədə təhsil alırlar: məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsil (Hautpschule, Realschule, Gymnasium)
Məktəbəqədər təhsil
Burada uşaqlar əvvəlcə özlərini kəşf edib, başqaları ilə ünsiyyət qurmağı öyrənmələri və sosiallaşmaları üçün bağçalara göndərilirlər. Burada ailələr adətən 3-6 yaş aralığındakı övladlarının bağçalarda tədris keçmələrinə maraqlıdırlar.
Bu mərhələdə uşaqlar müxtəlif oyunlar sayəsində ilkin tədris prosesinə adaptasiya olunurlar. Valideynlərin övladlarını bağçalara göndərməsi məcburi olmasa da, bir çox ailə bu təhsil səviyyəsini vacib hesab etdiyi üçün bu şansdan mütləq yararlanırlar.
İbtidai təhsil (Grundchule)
Almaniyada 6 yaşında olan uşaqlar artıq təhsil almağa məcburdurlar və bu təhsil müddəti bir əyalətdə 9 il davam edir. Uşaqların ibtidai təhsil müddəti 4 il boyunca ( Berlin və Brandenburgda 6 il) davam edir, bu müddətdə oxumaq, yazmaq və riyazi hesablar etməyi öyrənirlər. Əlavə olaraq isə müəllimlər sosial elm, tarix, coğrafiya, biologiya, fizika və kimya fənləri üzrə də təməl məlumatlar verirlər. Almaniya təhsil sistemi şagirdlərin musiqi, rəsm və yaradıcılıq dərslərində şagirdlərin qabiliyyət və yeniliklərini gücləndirmək məqsədi ilə bir çox tədbir və ekskursiyalar təşkil edilir. İbtidai təhsilin tədris planının xüsusi bir hissəsini təşkil edir. Əvvəllər sadəcə ümumi təhsil səviyyəsində tədris edilən xarici dil dərsləri indi artıq ibtidai təhsil səviyyəsində də keçirilməyə başlayıb və daha yaxşı nəticələr əldə edildiyi üçün bu dərslərin sayı artırılıb.
İbtidai təhsildən sonra şagirdlər bir-birindən fərqli təhsil verən ümumi təhsil məktəblərinə göndərilirlər. Valideynlər və şagirdin müəllimləri uşağın təhsil qabiliyyətinə, göstəricilərinə uyğun olaraq hansı məktəbə göndərilməsinə qərar verilər.
Orta təhsil (Hautpschule, Realschule, Gymnasium)
Şagirdlər ibtidai təhsildən sonra Hautpschule, Realschule, Gymnasium-da orta təhsilə davam edirlər. Burada şagirdin maraq dairəsi, qabiliyyət və bacarıqlarına uyğun olaraq valideyn və müəllim seçim edir.
Hautpschule tipli orta məktəblərə adətən təhsil göstəriciləri aşağı olan şagirdlər göndərilir. Şagirdlər bu orta məktəblərdə təməl dərslər alaraq ixtisas baxımından peşəkarlıq qazana bilirlər. Bu qurumlarda 10-cu sinfə kimi bütün şagirdlərə eyni fənlər üzrə tədris keçirilir, daha sonra isə keçirilən imtahan nəticəsində göstəriciləri yaxşı olan şagirdlər Realschule və Gymnasimua göndərilirlər. Bu imtahandan keçə bilməyən şagirdlər isə Hautpschule-u bitirmələri ilə bağlı diplom alaraq birbaşa iş həyatına başlaya bilirlər.
Realschuledə 6 il müddətində təhsil alan şagirdlər Hauptschuledən fərqli olaraq daha geniş tədris mərhələsi keçirlər. Gymnasium ilə müqayisədə şagirdlərə daha ixtisasyönümlü tədris keçirilir. Şagirdlər Realschule tipli bir orta məktəbi bitirdikdə “Zeugnis des Realschulabsschulsses”(Realschulenin tamamlanma sertifikatı) almağa haqq qazanırlar. Bu sertifikat ilə istəyən hər bir şagird peşə təhsilinə davam edə bilər. Eyni zamanda onlar katib və menecer səviyyəsində ictimai sektorda işləmək üçün qurumlara müraciət edə bilirlər.
Gymnasium tipli orta məktəblərə isə daha çox akademik istiqamətdə yoluna davam etmək və universitet təhsili almaq istəyən şagirdlər gedir. Gymnasium tədris planı, ədəbiyyat və incəsənət, sosial elmlər, riyaziyyat və təbiət elmləri də daxil olmaqla təməl mövzulara söykənərək şagirdlərin yüksək səviyyədə tədridsə keçə bilmələri yetkinlik qazanmaqları məqsədi ilə hazırlanıb. Bu tip bir məktəbdə oxuyan şagirdin təməl hədəfi “Abitur” adlandırılan və beynəlxalq səviyyədə tanınan məktəbi bitirməsi ilə bağlı diplomu almaq üçün təşkil edilən imtahanı uğurla keçməkdir. Almaniya təhsil sistemində şagirdlərin 40% - i orta təhsilə bu qurumlarda davam edir.
Almaniya təhsil sisteminin fərqlilikləri
Alman qiymətləndirmə sistemində şagirdlər 1 və 6 aralığında qiymətləndirilir. 1 ən yüksək, 6 isə ən aşağı qiymət hesab edilir. Fərqli dərslərdəki qiymətlərin aşağı olması, şagirdin eyni sinfi təkrar oxumasına səbəb ola bilər. Alman təhsilalanlar bir akademik ildə ümumi olaraq 190 gün məktəbə gedirlər. Buna qarşılıq olaraq şagirdlərin 6 həftəlik bir yay tətili müddəti var. Ölkə səviyyəsində sıxlığı azaltmaq məqsədi ilə məktəblərdə 16 əyalətdə eyni zamanda tətil edilmir. Bunun əvəzinə məktəb qruplara ayrılaraq tətilə göndərilir. Bəzi kənd yerləri istisna olmaqla şagirdləri daşıyan məktəb avtobuslarından istifadə edilmir. Şagirdlər məktəbə velosiped yaxud ictimai nəqliyyatdan istifadə edərək gedirlər.(okul.com.tr)