Bu gün AzEdu təhsil portalının yaranmasından üç il ötür.
Gözəl təbriklər almaqla yanaşı yeni təkliflər və fəaliyyətimizi daha uğurlu davam etdirməyimiz baxımından iradları da öyrənmək bizim üçün zəruridir.
Bu münasibətlə ali təhsil müəssisələrinin AzEdu ilə bağlı nə kimi təklif və iradlarının olduğu ilə maraqlandıq.
AzEdu.az bununla bağlı universitetlərin mətbuat katibləri ilə sorğunu təqdim edir:
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova:
“AzEdu təhsil portalının 3 yaşını təbrik edirəm. İşim təhsil sahəsi ilə bağlı olduğu üçün AzEdu mənim hər gün oxuduğum saytlardan biridir. 3 ildir ki, portal təhsil sahəsində çox maraqlı və faydalı xəbərlər yayımlamaqda davam edir. Portal Azərbaycan Texniki Universitetində həyata keçirilən yenilikləri də hər zaman oxuculara dəqiq və operativ çatdırır. Əlbəttə ki, saytın maraqlı və oxunaqlı olmasında əməkdaşların əməyi danılmazdır. Mən AzEdu portalının gənc və peşəkar komandasını təbrik edirəm və hər birinə uğurlar arzulayıram. Sizinlə əməkdaşlıq etmək hər zaman xoşdur.
AzEdu-nun fəaliyyəti ilə bağlı iradım yoxdur. Maraqlı layihələrinizin, hədəfləriniz və məqsədlərinizin olması çox gözəldir. Başda portalın rəhbərliyi olmaqla bütün kollektivə yalnız uğurlar arzu edirəm!”
Bakı Ali Neft Məkətibinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova:
“İlk olaraq dəyərli AzEdu.az kollektivini portalın fəaliyyətə başlamasının növbəti ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Fəaliyyət göstərdiyi bu 3 illik qısa müddət ərzində portal təhsil sahəsindəki müasir tendensiyaları özündə ehtiva edən unikal plaforma rolunu oynamağı bacarıb. Həqiqətən də, spesifik sahələr üzrə media orqanlarının mövcud olması oluqca müsbət haldır. Çünki bəzən çoxsayalı xəbər emalı prosesində ayrı-ayrı sahələr üzrə yeniliklər diqqətdən yayına bilər. Bu baxımdan, sahəvi informasiya resursları bütün zəruri məlumatları bir platformada cəmləməsi üçün effektiv imkana malikdir.
Şöbə müdiri AzEdu-nun fəaliyyəti ilə bağlı vacib məqamları dəyərləndirib
AzEdu.az portalının üstün cəhətlərindən biri də yalnız hazır məlumatlar, press - relizlər, mətbuat açıqlamaları kontekstində fəaliyyət göstərməməsidir. Burada çalışan gənc jurnalistlər həqiqətən də faydalı araşdırmalar, müsahibələr, informasiya janrının bir çox növündə eksklüziv məlumatlar hazlayıb, oxucu kütləsinə təqdim edirlər. Elə portalı digərlərindən fərqli və tələbatlı edən də bu nüansdır. Şəxsi müşahidələrim göstərir ki, portalın idarəetmə sistemi də düzgün qurulub, ən azından Baş redaktor Elmin Nurinin bir çox təhsil layihələrinin təşəbbüskarı kimi, eləcə də mühüm məsələlərdə ekspert rolundan çıxış etməsi onun təhsil sahəsinəki dərin biliklərinə və təcrübəsinə dəlalət edir.
O, eyni zamanda AzEdu-nun gələcək fəaliyyəti üçün maraqlı təkliflər irəli sürüb:
“Əziz həmkarlarıma acizanə təklifim portalı müasir trendlərə uyğun olaraq texniki baxımdan daha da təkmilləşdirmək olardı. Faydalı informasiyanın estetik çatdırılması üçün onun təqdim edildiyi platforma da vizual cəlbədici və isifadəçiyönülmü olmalıdır. Digər bir tərəfdən mən qabaqcıl ölkələrin təhsil sahəsində apardığı islahatları, mütərəqqi qərarları da AzEdu.az vasitəsi ilə Ana dilimizdə oxumaq istərdim. Gələcəkdə fəaliyyətinizi onlayn TV formatında daha da genişləndirmək də yəqin ki, planlarınız sırasındadır. Bakı Ali Neft Məktəbi ilə səmərəli əməkdaşlıq üçün Ali Məktəbimizin rəhbərliyi və şəxsən öz adımdan sizə təşəkkür edir, məqsədyönlü fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.”
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev:
“Sayta elə bir iradım mövcud deyil. Çünki yarandığı gündən sıx əməkdaşlıq edirik. Elə bir hal olmayıb ki, saytın əməkdaşları ilə aramızda hansısa anlaşılmazlıq yaransın. Təkliflərə gəldikdə isə, sizdən bir oxucunuz kimi təhsil sahəsi ilə bağlı maarifləndirici yeni layihələr gözləyirəm. Eyni zamanda orta məktəb şagirdləri, institut tələbələri ilə bağlı da müəyyən yeni layihələr həyata keçirib, onları öz daimi oxucularınız sırasına qatmağınızı arzu edirəm.
Şöbə müdiri, ildönümü münasibəti ilə öz təbriklərini də çatdırıb:
AzEdu.az saytının fəliyyətə başlamasının üçüncü ildönümü münasibətilə bu media quruluşunun əməkdaşlarının hər birini ürəkdən təbrik edir, fəaliyyətlərində yeni – yeni müvəffəqiyyətlər arzu edirəm. AzEdu.az ötən 3 ildə öz üslubuna, dəst - xəttinə, amalına sadiq qalaraq təhsil, elm sahəsində baş verən hadisələrə nüfuz edib və pedaqoji maarifləndirmə istiqamətində səmərəli fəaliyyət göstərib. Geniş auditoriyaya malik təhsil sahəsində çalışanların böyük əksəriyyəti demək olar ki, sizin saytın izləyiciləri sırasındadır. Qısa müddətdə oxucularla doğmalaşan sayt müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verməklə öz fəaliyyətində, xüsusilə obyektivlik, dəqiqlik, operativlik kimi vacib prinsipləri daim qoruyub saxlayıb.
Ən əsası isə AzEdu.az təhsil siyasətinin təbliğatçısı kimi məsul və şərəfli funksiyanı layiqincə yerinə yetirə bilib.”
Lənkəran Dövlət Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova:
“AzEdu-nun öz dəsti xətti var. Reklamdan qaçınır, oxucunu əsasən, analitik, digər saytlarda tapa bilmədiyimiz yazılarla maraqlandırmağa çalışır. Bu baxımdan fəaliyyəti təqdirəlayiqdir. Bağçalardan ali məktəblərə qədər təhsilin bütün pillələrini əhatə edən daha çox layihə və məqalələr görmək istəyərik. Təhsil sahəsində kifayət qədər tanınmış simalar var, artıq biz yeni simalara ehtiyac duyuruq. Bəlkə bizim kəndlərimizdə, digər şəhərlərimizdə elə müəllim və şagirdlərimiz var ki, onları tanımaq bütün respublika üçün maraqlı olar. Onların üzə çıxarılması təhsil ilə məşğul olan bir mətbuat nümayəndəsi kimi mənim üçün çox maraqlı olar. Təhsil sahəsində yeni qəhrəmanlar istəyirik.
O, AzEdu-nun fəəaliyyətini dəyərləndirərək öz təkliflərinə əlavə edib:
“Hazırda bütün saytlar demək olar ki, eyni rəngdir. AzEdu bu baxımdan fərqlənir. İstəyir və çalışır ki, mümkün qədər yeknəsəqlikdən qaçsın. Hazırki rubrikaları çox maraqla izləyirəm, ancaq yeni rubrikaların da əlavə olunması arzuolunandır. Məsələn, yazı müsabiqələrinin keçirilməsini təklif edərdim.
Bütün kollektivi doğum günü münasibəti ilə təbrik edirəm. Bu təhsil portalına uzun ömür və uğurlu yol arzu edirəm.”
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva:
“AzEdu-nun fəaliyyəti ilə bağlı hər hansı bir iradımız yoxdur. Əksinə, universitet olaraq belə təhsil saytlarının çox olmasını təhsilimizin həm müsbət, həm də mənfi tərəflərinin orada işıqlandırılsın. Bu bizim fəaliyyətimizin düzgün irəliləməsi üçün də çox əhəmiyyətlidir. Bizim görmədiyimiz çətinliyi yaxud səhvi təhsil ilə məşğul olan digər şəxslər görüb biz bildirə bilər ki, bu problemləri aradan qaldırmaq üçün əlimizdən gələni edək. Bu baxımdan AzEdunun fəaliyyətini alqışlayırıq.
Şöbə müdiri, AzEdu-nun gələcək fəaliyyəti ilə bağlı maraqlı təklif irəli sürüb:
Müəllimlik elə bir peşədir ki, daim cəmiyyətin diqqətində olur. Bu gün yaşlı nəsil ilə gənc nəsil arasında müəyyən problemlər olur. Hər nə qədər inkişaf etmiş innovasiyalar desək də, müəllimlik fəaliyyətində yaşlı nəslin nümayəndlərinin təcrübələri danılmazdır. Belə müəllimlərin tapılması, onların təcrübələrin öyrənilməsi və gənc nəslə göstərilməsi ilə bağlı bir layihə görmək maraqlı olardı. Belə yaşlı müəllimlərimiz hiss etsinlər ki, onlara dəyər verilir, təqaüd müddətinin çatmasına baxmayaraq cəmiyyət tərəfindən unudulmurlar. Onlar bütün ömürlərini gənc nəslin təlim-tərbiyəsinə həsr ediblər.
Bu gün AzEdu-nun ildönümüdür. Başda Elşad Eyvazlı və Elmin Nuri olmaqla bütün kollektivi təbrik edirik. Daima axtarışda olan, enerjili, gənc kollektivə daima uğurlar arzu edirəm”.
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova :
“AzEdu-nun yaranmasının 3-cü il dönümü münasibəti ilə bütün kollektivi ürəkdən təbrik edirəm.Uğurlarının daimi, yeniliklərinin davamlı olmasını arzu edirəm. İradlara gəldikdə isə hər hansı bir narazılığımız, yaxud iradımız yoxdur. Gələcək fəaliyətində AzEduya uğurlar arzu edirəm.”
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə:
“Bu gün AzEdu-nun yaranmasında 3 il ötür. Bu münasibətlə AzEdu kollektivini təbrik edir, bol uğur və nailiyyət arzu edirəm.
Portalın fəaliyyəti ilə bağlı hər hansı bir narazılıq, yaxud iradımız yoxdur. Portal fəaliyyətini operativ şəkildə davam etdirir. Hazırki dövrü nəzərə aldıqda multimedia faylları daha baxımlı olur. Bu baxımdan videoreportajlar təqdim etmək maraqlı olardı”.
Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli:
“Azərbaycan media məkanında təhsil portalı olaraq müstəqil informasiya siyasəti aparan AzEdu.az -a birinci növbədə təşəkkür edirik. İndiyə qədər təhsilin bütün sferalarını əhatə edəcək bir informasiya boşluğunu aradan qaldırmağa ehtiyac var idi və AzEdu.az bu boşluğu aradan qaldırmağa çalışır və deyərdim ki, müvəffəq olub. Portalla bağlı bir çox layihələri izləyirəm.
O, AzEdu-nun fəaliyyəti ilə bağlı maraqlı təklif irəli sürüb:
“Təklif edərdim ki, internat və inteqrasiya tipli məktəblərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların bilik və bacarıqlarını da işıqlandırasız. Bir layihə formasında da ola bilər.Onlarında xüsusi qabiliyyətləri var və tanınsa daha gözəl olar.
Eyni zamanda portal bu gün 3 yaşını qeyd edir.İnanıram ki, bizi uğurlara və inkişafa aparan təhsilimizlə yanaşı AzEdu.az da həyatımızda böyük səhifələr açmağa qərarlıdır”.