“Təsəvvür edin, coğrafiyadan xəbəri olmayan diplomatlar yetişəcək. Coğrafiyanı oxumayan bir şagird regionşünaslıq ixtisasında təhsil alacaq”
Bu fikirləri Azedu.az-a Füzuli rayonu Qazaxlar kənd tam orta məktəbi müəllimi Posu Mansırlı deyib. O, coğrafi biliyi olmayan abituriyentlərin beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə təhsil almasında yarana biləcək problemlərə də aydınlıq gətirib.
“Abituriyentlər universtetlərdə əziyyət çəkirlər”
“Şagirdlərin hazırlaşdıqları fənlərdən başqa, digər fənləri oxumadıqları, oxuyanların da qiymət xətrinə “yola verdikləri” hər kəsə məlumdur. Coğrafiya fənni təkcə II qrupdadır. Şagirdlərin əksəriyyəti isə digər qruplar üzrə qəbul imtahanına hazırlaşır. Ona görə də coğrafiyaya şagirdlər tərəfindən maraq azdır.
Onsuz əvvəlki illərdə də II qrupa sənəd verən abituriyentlərin sayı az idi. Bu iki ixtisasın çıxarılmasından sonra daha da azalacaq.
Bundan əlavə, tarix müəllimlərinin şikayətlərindən biri də şagirdlərin xəritəni bilməməsidir. Bu da coğrafiyanı oxumamaqdan irəli gəlir və çətinlik törədir. Son qərardan sonra isə təsəvvür edin, coğrafiyadan xəbəri olmayan diplomat yetişəcək. Coğrafiyanı oxumayan bir şagird regionşünaslıq ixtisasında təhsil alacaq.
Burada uyğunsuzluq yaranır və həmin abutriyentlər universtetlərdə əziyyət çəkirlər”.
Fənn müəllimi Mahir Əhədov bildirib ki, hansı qrupda olmasından asılı olmayaraq, həmin ixtisas üzrə sənəd verən abituriyentlər mütləq coğrafiyadan imtahan verməlidir:
“Əslində, mövcud ixtisasların III ixtisas qrupuna daxil edilməsilə əvvəlki vəziyyətə qayıtmış oldular, Belə ki, əvvəllər də "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisasları III qrupda idi. Məsələnin əsas mübahisə doğuran tərəfi sözügedən ixtisaslara qəbul olacaq şəxslərin dövlət qəbul imtahanında coğrafiyadan bilik və bacarıqlarının qiymətləndirilməməsi olacaq. Əvvəl bu ixtisaslar III ixtisas qrupunda olanda həmin qrupda coğrafiya fənni də var idi, 2006-cı ildən coğrafiya III ixtisas qrupundan çıxarıldı, daha sonra sözügedən ixtisaslar coğrafiyanın olduğu II ixtisas qrupuna gətirildi.
Son qərarla isə həmin ixtisaslar yenə III ixtisas qrupuna qaytarılırsa o zaman coğrafiya fənni də həmin qrupda olmalıdı. Çünki, bir diplomatın və regionşünasın öz ölkəsinin və dünyanın tarixini bilməklə yanaşı, coğrafiyasını da bilməsi şərtdir”.
O, verilən qərara DİM-in yenidən qayıtmasının vacibliyini də bildirib:
“Bəzi insanlar elə düşünürlər ki, universitetə "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisasları üzrə qəbul olana kimi coğrafi səriştələr qiymətləndirilməsə də olar, amma bizim qəbul sistemimiz biraz fərqlidir, yəni hər hansı peşə sahəsinə yiyələnmək üçün əvvəlcədən onun fənn biliklərindən imtahan verməlisən. Ona görə də ümid edirik ki, mövcud dəyişikliklərin tamamlanması üçün DİM son doğru qərarı verəcək”.
“Bu ixtisaslara ədəbiyyatın, yoxsa coğrafiya fənninin lazım olduğunu bilmək üçün çox düşünməyə ehtiyac yoxdur”.
Coğrafiya müəllimi Pərvanə Verdiyeva da sözügedən ixtisasların III qrupa daxil edilməsini doğru addım hesab etmir:
“Beynəlxalq münasibətlər” və “Regionşunaslıq” ixtisaslarının II qrupdan çıxarılıb III qrupa əlavə edilməsinin doğru addım hesab etmirəm. Əgər bu qərarla III qrupa coğrafiya fənni də əlavə edilsəydi, bu başadüşülən olardı.
Coğrafiya fənnini bilməyən bu ixtisaslara necə yiyələnə bilər?
“Beynəlxalq münasibətlər” ixtisasının təsvirində əsas predmet obyekti kimi bütün ölkələr, beynəlxalq arenada olan transmili şirkətlər və korparasiyalar qeyd olunur. Əsas sahə bilikləri kimi isə beynəxalq təşkilatlar və beynəlxalq iqtisadi münasibətlər, iqtisadi diplomatiya, dünya iqtisadiyyatı, siyasi və iqtisafi coğrafiya göstərilir.
Yəni bu ixtisaslara ədəbiyyatın, yoxsa coğrafiya fənninin lazım olduğunu bilmək üçün çox düşünməyə ehtiyac yoxdur”.
Pərvanə müəllim qeyd edib ki, bu qərarla qəbul proqramlarında coğrafi biliklərin rolu da azaldıldı:
“Əsas məsələlərdən biri də qəbul proqramlarında coğrafiya fənnin rolunun azaldılmasıdır. Bu da başqa müzakirə mövzusudur. Düşünürəm ki, bu qərara tezliklə yenidən baxılacaq”
Qeyd edək ki, qərar coğrafiya müəllimləri, eləcə də bəzi təhsil iştirakçıları tərəfindən müsbət qarşılanmayıb.