Hazırda təhsil müəssisələrində pandemiya səbəbindən distant dərslər davam edir.
Ancaq bəzi tələbələr müəyyən problemlər səbəbindən onlayn dərslərə qoşula bilmir.
Bu tələbələrin dərslərdən geri qalmaması üçün ali təhsil müəssisələrində nə kimi tədbirlər görülür?
AzEdu.az universitetlərin mətbuat katiblərinin bu məsələ ilə bağlı cavablarını təqdim edir:
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova:
“Dərslərdə iştirak edə bilməyən tələbələr üçün xüsusi tədbir gərülməyəcək. Çünki artıq tələbələrin dərslərdə iştirakı ilə bağlı qaib limiti yoxdur. Əvvəllər tələbələrin dərslərdə iştirakı ilə bağlı həvəsləndirmək məqsədi ilə bal verilirdi və bu prosedur artıq mövcud deyil. Keçirilən dərslərin mühazirə forması fənn müəlliminin “Şəxsi kabinet”inə yerləşdirilir. Tələbə müəyyən səbəbə görə o saatda olan dərsdə iştirak edə bilmirsə, daha sonra istədiyi zaman müəllimin “Şəxsi kabinet”inə daxil olaraq buraxdığı mövzunu oxuya bilər. Burada əsas məqsəd nəticə olaraq tələbənin imtahan prosesinə rahat şəkildə hazırlaşması və müsbət nəticə əldə etməsidir. Onlara lazım olan bütün materiallar müəllimin elektron şəxsi kabinetində yerləşdirilir.
UNEC-də “Virtual dekanlıq” adlı portal yaradılıb. Tələbələrin hər hansı mövzu ilə bağlı sualları olduqda, yaxud, müəyyən problemlə bağlı buraya müraciət edə bilərlər. Eyni zamanda dərslə bağlı sualları olacağı təqdirdə müəllimlərlə bu portal vasitəsi ilə rahat şəkildə əlaqə saxlaya bilirlər. Bunun üçün dərsdən əlavə saatlar təyin edilir və tələbə onu maraqlandıran sualı müəllimə ünvanlayaraq lazım olan məlumatı öyrənir.”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov:
“Təhsil Nazirliyinin “Microsoft Teams” platforması ilə olan razılaşmasına əsasən, dərslər bu platforma üzərindən davam etdirilir. Microsoft Teams-ın açıqladığı və bizə təqdim edilən rəqəmə əsasən, universitetimizin tələbələrinin 98%-i onlayn dərslərdə iştirak edir. Qoşulan tələbələr rabitə ilə bağlı hər hansı texniki problem yaşamırlar.
Ümumilikdə, “Micrasoft Teams” proqramının üstünlüklərindən biri odur ki, keçirilən dərslər video formatda arxivləşdirilir. Nəticədə tələbə istədiyi vaxt proqrama qoşularaq qaçırdığı dərsi izləyə bilər. Ancaq yerdə qalan dərsə qoşulmayan tələbələrin isə siyahıları dekanlıq tərəfindən hazırlanır. Bu həftə sonu siyahı universitet rəhbərliyinə təqdim ediləcək və bu tələbələr universitet tərəfindən internetlə təmin olunacaq”.
Şöbə müdürü elektron universitet sistemindən danışıb:
“ Bizdə bir neçə ildir ki, “Elektron universitet” sistemi fəaliyyət göstərir. Hər tədris semestri başlamazdan 10-15 gün əvvəl bütün mövzular, mühazirələr, imtahan sualları, təqdimatlar hamısı həmin sistemə yerləşdirilir.
Tələbənin bu materialları mənimsəməsi onların imtahanda uğur qazanması üçün kifayət edir. Yəni, dərslərə qoşula bilməsə də belə bu materialları öyrənmək kifayət edir ki, o imtahana rahatlıqla hazırlaşa bilsin. Amma tələbələrimizin əksəriyyəti dərslərdə iştirak edir. Qoşula bilməyən çox az qisim tələbə isə istədiyi vaxt proqrama daxil olub video formatda dərsləri dinləyə bilər”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova:
“Təhsil Nazirliyi tərəfindən bölgələrdə mərkəzlər yaradılıb. Bu mərkəzlər internetlə təmin edilib. İnternet problemi səbəbindən onlayn dərslərə evdən qoşula bilməyən tələbələr bu mərkəzlərlə bağlı məlumatlandırılıblar. Onlar həmin mərkəzlərdə qeydiyyatdan keçib oradan onlayn dərslərə qoşula bilərlər. Əgər hansısa tələbə mərkəzlərə getməkdə çətinlik çəkirsə, yol uzaqdırsa və s. Bu zaman dekanlıqlar həmin tələbələrə lazımi tədris materialları göndərirlər ki, onlar dərslərdən geri qalmasınlar.
Bir sözlə mövcud vəziyyət nəzərə alınaraq tələbələrə maksimum şərait yaradılır”.
Lənkəran Dövlət Univerersitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Esmira İsmayılova:
“Ümumi olaraq tələbələr arasında onlayn dərslərə qoşulma ilə bağlı böyük problem yoxdur. Yalnız cəbhə bölgəsindən olan tələbələrimizin qoşulma ilə bağlı müəyyən texniki problemləri olur. Bu tələbələr universitet tərəfindən nəzərə alınır və onlar üçün mümkün olan hər cür şərait yaradılır.
Ötən il Təhsil Nazirliyi onlayn dərslərə qoşula bilməyən tələbələrlə bağlı sərəncam imzaladı. Bu il biz həmin sərəncəmı gözləyirik. Nazirlik bu məsələ ilə bağlı hansı istiqamətdə göstəriş versə, biz də ona uyğun hərəkət edəcəyik.
Tələbənin şəxsi kabinetinə lazımı vəsait göndərilir
Məlumat üçün qeyd edim ki, bizdə birinci kursdan dördüncü kursa qədər hər bir tələbənin şəxsi kabineti var. Tədris semetri başlananda bütün mühazirələr, sillabuslar, kollekvium sualları bura yüklənir. Beləliklə tələbələrin imtahanlara rahatlıqla hazırlaşması üçün heç bir problem yaranmır."
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayev:
“Bakı Mühəndislik Universitetində tədrisin təşkili ilə bağlı qərarlar verilərkən mövcud qanunvericilik əsas götürülür. Digər tərəfdən, mövcud vəziyyətlə əlaqədar olaraq bütün mümkün güzəştlər edilib və ediləcək. Bu günlərdə verilmiş qərara əsasən, 3 semestr daxili imtahandan (SDF) 2- si ləğv olunub. Yəni BMU tələbələri həmişəkindən fərqli olaraq 1 SDF imtahanı verəcək.
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə:
“Müharibə başa çatsa da cəbhəyanı rayonlarda hələ də internetdə məhdudiyyətlər var. Bu səbəbdən o bölgələrdən olan tələbələrimizin bir qismi dərslərə qoşulmaqda çətinlik çəkirlər. Belə tələbələr universitet tərəfindən diqqət mərkəzində saxlanılır.
Digər bölgələrdən olan tələbələrimizin internetə çıxışlarında hər hansı bir məhdudiyyət olmadığı üçün dərslərə girmələri arzuolunandır. Lakin, tələbələr üçün semester sonunda əgər istərlərsə (müəyyən sayda tələbə üçün nəzərdə tutulub) 2 həftəlik ənənəvi dərslərə qatılma şansı veriləcək və imtahanlara daha sonra buraxılacaqlar.”
Bakı Avrasiya Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şəfayət Avılbəyli:
“Noyabrın 2- dən etibarən onlayn dərslər davam edir. Müharibə dövründə yaranmış bir müddətlik problemə görə, dərslərə fasilə verilmişdi. Ancaq hazırda heç bir problem yoxdur, tələbələrimiz dərslərə rahat qoşula bilirlər. Daimi olaraq müəllimlərlə əlaqədədirlər.
Ümumilikdə tələbələrimizin 80 % - i onlayn dərslərdə aktiv iştirak edir. Ancaq bəzi tələbələr müəyyən texniki problemlərə görə dərslərdə iştirak edə bilmirlər. Məsələn, tələbə bir gün dərsdə iştirk edə bilir, növbəti gün yox. Tələbələr arasında bu haldan sui-istifadə edənlər də var.
Bütün fakültə və ixtisaslar üzrə whatsapp qrupları yaradılıb. Tələbələr müəllim və dekanlarla daimi əlaqədə olur, yaranmış müxtəlif problemləri, onları maraqlandıran sualları birbaşa ünvanlaya bilirlər. Məsələn, tələbələrin teamsa daxil olmaq üçün şifrələrini unutmaları ilə bağlı və s. kimi yaranan texniki problemlər dərhal aradan qaldırılır. Yaranmış texniki problemlərin aradan qaldırılması ilə bağlı tələbələrə lazımı kömək göstərilir.
Dərsə davamiyyətlə bağlı xüsusi komissiya yaradılıb. Bu komissiya tələbələrin hansı səbəbdən dərsə qoşula bilməməsini araşdırır. Ümumilikdə hazırda dərslərdə iştirak edə bilməyən tələbələrin imtahanda iştirakı, onlarla bağlı xüsusi qrafik haqqında xüsusi məlumat yoxdur”.
Qeyd edək ki, təhsil müəssisələrində onlayn dərslər noyabrın 2-dən etibarən davam edir.