Azedu.az

Azərbaycan qısa müddətdə distant təhsili mərkəzləşmiş şəkildə həyata keçirən ölkələrdən olub - Direktor

Məktəblər

Maraqlı

7 Noyabr 2020, 17:22
Azərbaycan qısa müddətdə distant təhsili mərkəzləşmiş şəkildə həyata keçirən ölkələrdən olub - Direktor

Məsafədən (distant) təhsil, əslində, tarixin müxtəlif dövrlərində müəyyən forma müxtəlifliyi ilə mövcud olub. Məsələ burasındadır ki, müxtəlif məkanlarda, həmçinin zamanlarda yaşamış şəxslərin birinin digərindən öyrənməsini də distant təhsilə aid etmək olar. Hazırda Azərbaycan Respublikası da daxil olmaqla dünyanın bir çox ölkələrində tətbiq edilən distant təhsil sistemi isə öz kütləviliyi, obyektiv səbəbləri, qeyri-iradiliyi (məcburiliyi) ilə əvvəlki analogiyalardan fərqlənir. Əgər əvvəllər məsafədən təhsil fərdi xarakter daşıyırdısa və ya ayrı-ayrı qurumların istəyi ilə müəyyənləşirdisə, indiki halda hələ ki alternativi olmayan seçim kimi qəbul edilir. Mövcud pandemiya şəraitində sosial məsafənin gözlənilməsinin, qoruyucu və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə edilməsinin zəruriliyi əsas kontingenti azyaşlılardan ibarət olan təhsil müəssisələrinin işində ciddi çətinliklər yaradır. Şagirdlərin hər birinin müxtəlif gigiyenik mühitdən, maarifçi atmosferdən gələrək eyni məkana – məktəbə daxil olduğunu nəzərə alsaq, o zaman həm məktəb daxilində, həm də şagirdlərin sonradan qayıtdığı doğma mühitdə virusun yayılma riskinin kifayət qədər yüksək olması fikrini söyləmək mümkündür. Bütün bunlar nəzərə alındıqda distant təhsilə keçid hazırda ən doğru yol kimi görünür.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev söyləyib. O bildirib ki, hər bir yeniliyin müsbət və mənfi tərəfləri var. Şagirdlərlə aparılmış sorğular və pedaqoji kollektivin müşahidələri qeyd olunan halları distant təhsilin mənfi tərəfləri kimi göstərir: xüsusilə azyaşlıların fərddən şəxsiyyətə çevrilmə prosesini şərtləndirən sosial ünsiyyət, müəllimin əyani nəzarət imkanının zəifliyi, şagirdin vahid və ortaq şəraitdən uzaq qalması, ailənin sosial və mədəni səviyyəsindən daha çox asılılığı, kommunikasiya, texniki imkanlar baxımından əlçatanlığın bərabər olmaması, psixoloqların qənaətinə görə, öyrənilmiş, qazanılmış vərdiş və bacarıqların itirilməsi, eyni zamanda, həmin vərdiş və bacarıqların işlək olmaması səbəbindən rahat öyrənmə imkanından uzaqlaşma.

 

Tural Mirzəliyev bununla yanaşı, distant təhsilin informasiya texnologiyaları vasitəsilə tətbiqinin şagirdlər üçün bir sıra müsbət məqamlarının da olduğunu bildirib. Qeyd edib ki, müstəqil öyrənmə vərdişlərinin artması, əksər peşə və sahələrin alqoritmləşəcəyinin proqnozlaşdırıldığı gələcəyə daha çox hazır olmaları, əyani dərsin mümkün olmadığı hazırkı şəraitdə şagirdlərin təlim prosesindən uzaq qalmamaları, şəxsiyyətin inkişafı üçün zəruri olan ünsiyyət prosesi ilə müəyyən qədər təyin olunmaları, valideynlərin tədris prosesinə bilavasitə nəzarət imkanları, yeni vərdiş və səriştələrin formalaşmağı və s. distant təhsilin müsbət xüsusiyyətlərindəndir. Nəzərə almaq lazımdır ki, bütün müsbət tərəflərinə rəğmən distant təhsil əyani təhsili tam olaraq əvəz edə bilməz. Lakin hazırda ölkə ərazisində sanitar-epidemioloji vəziyyət və xüsusi karantin rejimi ilə əlaqədar distant təhsilə keçid daha məqsədəuyğundur. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunur. Bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Azərbaycan dünya ölkələri arasında distant təhsili (gözlənilməz və ilk dəfə olmasına baxmayaraq) az bir vaxtda sistemləşdirərək mərkəzləşmiş şəkildə həyata keçirən ölkələrdən olub. “Microsoft” şirkətinin rəhbərləri dövlət başçısı ilə görüşdə bu məqamı xüsusi vurğulayıb və bir çox ölkələrin həmin məsələdə Azərbaycanın nümunəsindən istifadə etdiklərini bildiriblər.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox