27 illik həsrətdən sonra Zəngilan rayonu 20 oktyabr 2020-ci ildə düşmən tapdağından azad edildi.
Bu xəbər hamını qürurlandırdığı kimi Zəngilan ərazisində yaşayan təhsil işçilərinin də böyük sevincinə səbəb olub.
Belə ki, artıq Zəngilan məktəbləri qaçqın məktəbi kimi deyil, doğma Zəngilanda fəaliyyətlərini davam etdirəcəklər.
AzEdu.az-a danışan Zəngilan rayon Havalı kənd tam orta məktəbinin direktoru Nazim Dünyamalıyev Zəngilanın azad edildiyi üçün bütün xalqımızı təbrik edir.
Direktor işğal illərinə qayıdaraq o çətin günlər haqqında danışır:
“Məktəblərimiz 1992-1993-ci illərdə çox gərgin vəziyyətdə fəaliyyət göstərirdi. Bir sıra rayonlarımız işğal edildiyi üçün Zəngilan da blokada şəraitinə düşdü. Təəssüf ki, o, ən son işğal edilən bölgə oldu. Həmin illərdə Füzuli , Ağdam və Cəbrayıl istiqamətində torpaqlar ələ keçirildiyi üçün Zəngilana da ümid az idi. Təhsil həmin illərdə dayanmasa da, fasilələrlə fəaliyyət göstərirdi. Ordumuzun bizi qorumasına baxmayaraq, ermənilər ərazimizi Qubadlı istiqamətindən top atəşinə tuturdular. Ona görə də qorxu içərisində şagirdlərimizi təhsildən yayındırmamağa çılışır və dərslərimizi keçməyə davam edirdik. Lakin həmin dövrdə hiss edirdik ki, vəziyyət gərgin və ağırdır. Çünki digər ətraf ərazilərdə olan rayonlarımız işğal edilmişdi. Ordumuz cəfakeşlik göstərsə də, ağır günlərin gələcəyini hiss edirdik. 1993-cü il 29 oktyabrda Zəngilan torpağını tərk edib, qaçqın kimi Azərbaycanın müxtəlif rayonlarına səpələndik.
Məktəblərimiz həmin zamanlardan müxtəlif adlar altında fəaliyyət göstərir. O zaman Zəngilan rayon Havalı kənd tam orta məktəbi 1993-cü ilin sonuna kimi həmin adla fəaliyyət göstərsə də, sonradan Zəngilan rayon 16 saylı Havalı kənd tam orta məktəbi kimi fəaliyyətini davam etdirdi. Həmin illər ərzində məktəb Sabirabad rayonu ərazisində yerləşirdi və mən həmin təhsil müəssisəsinin direktoru kimi ona rəhbərlik edirdim. Sonra isə iş həyatımı Zəngilan rayon təhsil şöbəsində davam etdirdim. Zəngilan məktəbləri işğal illərində də fəaliyyət göstərdi. Həmin illərdə təhsil müəssisələri işini dayandırmır və tədris davam edirdi.
Lakin kəndlərimizin çoxu ermənilər tərəfindən işğal edildikdən sonra biz Araz istiqamətindən, İran İslam Resplikasından keçərək ölkəmizə gəldik. İmişli ərazisindən bizi digər bölgələrə yerləşdirdilər. O zaman mən də bu prosesində iştirak edirdim. Hadı Rəcəbli və Arif Rəhimzadə bizi qəbul etdilər. Onlar İmişli Rayon İcra hakimiyyətinin binasında zəngilanlıları qarşıladılar. Təyinatlar üzrə kimin hara gedəcəyi müəyyən edildi. Bir müddət Sabirabada məskunlaşdıq, sonra isə oradan Xırdalana keçdik və “Qaçqınkom”un xətti ilə bizə bina verildi. Zəngilan Rayon İcra hakimiyyətinin binası da orada fəaliyyət göstərdi. Hazırda ölkəmizdə Zəngilan qəsəbəsi mövcuddur. Bu bölgəya aid bütün aidiyyatı qurumlar da burada yerləşir. Məktəblərimiz Sabirabad, İmişli, Gəncə, Sumqayıtda deyil, inşallah ki, öz doğma torpaqlarımızda fəaliyyət göstərəcək. Təhsilimizi yenidən öz doğma diyarımızda davam etdirəcəyik”.
Nazim Dünyamalıyev direktor fəaliyyətindən söz açıb:
“Mənim direktor kimi fəaliyyət göstərdiyim Zəngilan rayon Havalı kənd tam orta məktəbi əvvəl Sabirabadda çadır şəhərciyində yerləşirdi. Həmin məktəb şagird və bütün texniki avadanlıq ilə təhciz edilib. Məktəbimizin şagirdlərinin yüksək göstəriciləri var və respublika fənn olimpiadalarında müəyyən uğurlar qazanıblar. Prezidentimiz tək zəngilanlılar üçün yox, bütün rayonların qaçqınlarına görə qəsəbə saldırıb. Hazırda məktəbimiz Qobu 2-də fəaliyyət göstərir. Mən həmin məktəbin direktoru vəzifəsini icra edirəm.
Zəngilan torpağına qayıdan kimi quruculuq işi ilə məşğul olacayıq. Şagirdlərimizi təcili şəkildə Zəngilana cəlb edəcək, kommunikasiya şəbəkəsinin qurulmasında iştirak edəcəyik. Dişimiz və dırnağımızla o torpaqlarda yenidən qurub-yaradacaq və Zəngilanımızı cənnətə döndərəcəyik”.
Bütün Zəngilanlıları təbrik edirik!