Bu gün ölkəmiz iki cəbhədə mübarizə aparır, iki cür düşmənlə döyüşür: Onlardan biri torpaqlarımızı işğal edən mənfur ermənilər, digəri isə dünyada hökm sürən koronavirus infeksiyasıdır.
Ölkəmizdə təhsil 15 sentyabrdan etibarən əyani və distant olmaqla, hibrit formada bərpa edildi. Lakin 3 həftəlik müddət ərzində məktəblərdə şagird və təhsil işçiləri arasında 250-yə yaxın şəxsdə COVİD-19 aşkarlandı və bir çox siniflər distant təhsilə keçdi.
Buna baxmayaraq, məktəblərimizdə COVİD-19 virusu ilə mübarizənin əsaslı şəkildə aparıldığını deyə bilərik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər, tədrisin təşkili ilə bağlı verdiyi vacib qərarlar koronavirus bəlasının kütləvi yayılmasının qarşısını almaqdadır. COVİD-19 testi müsbət çıxan məktəby aşlı şəxslərin böyük hissəsinin əsasın yuxarı sinif şagirdləri təşkil edir. Nəzərə alaq ki, bu kəsimə aid şagirdlər sentyabrda ümumiyyətlə məktəbə gəlməmiş, bir qismi isə oktbarın 1-dən etibarən ənənəvi tədrisdən həftədə iki dəfə olmaqla faydalanmışlar. Hətta COVİD-19 virusunun şagirdlər arasındakı yoluxma statistikasının mühüm hissəsini təşkil edən X-XI sinif şagirdləri isə ümumiyyətlə, məktəbdaxili ənənəvi tədrisə başlamamışlar. Bu faktlar onu göstərir ki, AR Təhsil Nazirliyinin 2020-2021-ci il təhsil mövsümünün birinci etapı üçün tətbiq etdiyi tədris proqramı təhlükəsizlik məsələləri, yoluxma sayının artmaması üçün kifayət qədər vacib meyara çevrilib.
Tətbiq olunan təhlükəsizlik və davranış qaydaları, tədris proqramının təşkili detalları əksər məktəblərdə maksimum şəkildə yerinə yetirilməkdədir.
AzEdu.az həmin məktəblərdən biri 132-134 saylı Təhsil Kompleksindən reportaj hazırlayaq burada qaydalara necə əməl olunduğunu müşahidə edib.
Məktəbin ərazisinə ayaq basdıqda öncə şagirdlərin ara məsafəni gözləməklə təhsil müəssisəsinə daxil olduqlarını və girişdəcə hərarətləri ölçüldükdən sonra sinif otaqlarına yola salındıqlarını müşahidə edirik. 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova məktəbdə Təhsil Nazirliyi tərəfindən verilən qayda və qanunlara necə əməl etdiklərindən danışır:
“COVİD-19 hazırda çox aktual bir mövzudur. Pandemiya şəraitində ən ümdə məsələ özünü qorumağı bacarmaqdır. Ona görə də müəllim və şagirdlər buna ciddi şəkildə əməl etməlidir. Koronavirus dönəmində ölkəmiz və onun başçısı cənab İlham Əliyev məsələyə mobil şəkildə yanaşdı. Eyni zamanda Təhsil Nazirliyi də sentyabrın 15-dən etibarən təhsilin davamlılığı istiqamətində bir çox çox vacib qərarlar qəbul etdi. Bu da öz növbəsində şagirdlərin qorunmasına xidmət etdi, təhlükəsizliyinə əsaslı şərait yaratdı.
Məktəbimiz ölkənin böyük təhsil ocaqlarından biridir; şagirdlərin sayı 2700-ə yaxındır. Bəzi siniflərimizdə uşaqların sayı çox olduğu üçün onlar iki yarımqruplara bölünüblər. Məsələn 40 şagirdin 20-si bu gün, 20-si isə sabah dərsə gəlir. Ənənəvi dərslərin həftədə iki dəfə keçirilməsi ilə bağlı öhdəliyin növbəlilik prinsiplərinə ciddi əməl olunur.
Giriş hissədə xüsusi marifləndirici tablolar hazırlanıb. Qapının qarşısında şagirdlərin əlləri spirtlənir, hərarətləri ölçülür. Təhsil müəssisəmizdə izoliyasiya otağı fəaliyyət göstərir. Məktəb daxilində istifadə olunan maskaların atılması üçün xüsusi qablar quraşdırılıb. Bütövlükdə Təhsil Nazirliyinin təlimatına əməl olunur. Çünki bu həqiqətən də virus müharibəsidir, çox ciddi məsələdir. Şagirdlərin sırasında 15 sentyabrdan bu günə kimi koronavirusa yoluxma faktı qeydə alınmayıb. Onların arasında hərarəti qalxanlar olub, lakin heç birində koronavirus infeksiyası aşkar edilməyib. Az öncə bir şagirdimizin qızdırması yüksəldi, onu izolyasiya edib. valideynlərinə zəng vurduq.
Otaqların havalandırması çox vacibdir. Hər gün şagirdlər məktəbdən getdikdən sonra bütün texniki heyət dezinfeksiya işini yüksək səviyyədə həyata keçirir. Partaların üzəri və qapıların dəstəyi silinir. Təhsil Nazirliyi bizi bütün avadanlıq və vasitələrlə təchiz edib, onlara çox təşəkkür edirəm. Hazırda biz qorunma tədbirləni davam etdirik. Çünki bu virus bizim gözlədiyimiz məntiqlə hərəkət etmir. O səbəbdən şagird və övladlarımızı qorumalıyıq. Çünki bu gün həm də çox tarixi bir dönəmi yaşamaqdayıq.
Bu gün Qarabağ savaşında hamı könüllü surətdə cəbhəyə gedir. Heç kim onları məcbur etmir. Hətta bəziləri inciyir ki, bizi niyə aparmırlar?! Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi hər bir Azərbaycanlının canı və qanında Azərbaycançılıq ruhu olmalıdır. Ona görə qələbə bizimlədir.
Milli Qəhrəman Riyad Əhmədov bizim məktəbin məzunudu. O, dekabr ayının 25- həlak olub. Bu səbəbdən biz hər il dekabrın 25-ni xüsusi olaraq qeyd edirik. Ümumiyyətlə, bütün il boyu da vətənvərvərlik ruhunu davam etdirik”.
132-134 saylı Təhsil Kompleksinin direktor müavini İlahə Həsənli isə koronavirusla bağlı tədbirlərin olduqca vacib olduğunu qeyd edib:
“15 sentyabrdan bu günə qədər məktəbimizdə təmizləyici və dezinfeksiyaedici işlər aparılır. Profilaftik qaydaların hamısına riayət olunur. Sentyabrın 15-də ibtidai siniflərdə, oktyabrın 1-də isə V-IX siniflərdə tədris başlayıb. Məktəbin 4 giriş qapısı var və hər gün onların hamısı da açıq olur. Məsafəni gözləməklə şagirdləri bu qapılardan qəbul edirik. Onların hərarəti yoxlanılır, əlləri dezinfeksiya edilir və sinif otaqlarına yola salınırlar. Sinif otaqlarında isə şagirdlər ara məsafəni saxlamaqla əyləşirlər. Uşaqların sayı çox olduğu üçün biz onları iki hissəyə bölmüşük. Hər bölmə həftədə 3 dəfə dərsə gəlir. Sinif otaqlarının hər gün havası dəyişdirilir. Birinci və ikinci növbə arasında sinif otaqları yenidən dezinfeksiya edilir, masaların üzəri və qapıların tutacaqları silinir”.
132-134 saylı Təhsil Kompleksinin ibtidai sinif müəllimi Fatimə Kərimova siniflərində COVİD-19-la bağlı tədbirlərə riayət olunduğunu vurğulayır:
“Təhsil müəssisəmiz tərəfindən pandemiya dövründə bütün qaydalara tam şəkildə əməl edilib. Uşaqlar sinifdə ara məsafəni saxlamaqla əyləşirlər. Biz onları məktəbə qəbul edən zaman ara məsafə ilə sıraya düzürük. Şagirdlər sinif otaqlarına yollandıqda əllərini yuyur və bütün təmizlik qaydalarına riayət olunur. Sinifimiz gigiyenik vasitələrin hamısı ilə təchiz edilib. Hətta burada əl yumaq üçün şərait də var”.
132-134 saylı Təhsil Kompleksində təhsil alan aşağı sinif şagirdlərinin də bu əsnada fikirlərini almaq çox maraqlı olardı. 1A sinif şagirdi Zeynəb Daşdəmirli:
“Məktəb çox qəşəngdir və dərslərimi yaxşı oxuyuram. Müəllimlər bizə deyirlər ki, maska taxmaq vacibdir. Biz də ona görə maska taxır və əllərimizi tez-tez yuyub, spirtləyirik“.
Zeynəbib sinif yoldaşı İradə Əlizadə də yaşının kiçik olmasına baxmayaq qaydalara ciddi əməl edir: “Əllərimi spirtləyir və onları tez-tez yuyuram. Koronavirusa yoluxmamaq üçün maska taxıram və hamı da bunu etməlidir”.
Kamran Abbaszadə isə məktəbdə olmaqdan çox məmnun qaldığını qeyd edir: “Məktəbdə Azərbaycan dili və riyaziyyat kimi fənləri öyrənirəm. Bura çox yaxşıdır. Əllərimi spirtləyir və onları tez-tez yuyuram, sonra isə özümü qoruyuram. Maska taxmağı unutmuram”.
132-134 saylı Təhsil Kompleksinin ingilis dili müəllimi Gülər Manaflı dərs keçdiyi sinifdə koronavirusla bağlı tədbirlərə tam riayət olunduğundan söz açıb:
“Bizim məktəbdə koronavirusla mübarizə qaydalarına yüksək səviyyədə riayət olunur. Bütün uşaqlar maska taxır və spirtdən istifadə edirlər. Nəm solfetlərlə əllərimizi təmizləyir və sosial məsafəni qoruyub saxlayırıq. Biz maskamızı taxaraq sinifə daxil olur və pəncərələri açaraq otaqların havasını dəyişdiririk. Hər şagird otaqdan çıxdıqdan sonra siniflər dezinfeksiya olunur”.
132-134 saylı Təhsil Kompleksinin 9-cu sinif şagirdi Elşən Bayramov sosial məsafənin siniflərində gözlənildiyini vurğulayıb:
“Sosial məsafəni saxlayaraq maskadan istifadə edirik. Müəllimlər də qaydalara əməl edirlər. Məktəbimizdə dezinfeksiya işləri aparılır. Hər gün əllərimizi spirtləyir, tez-tez yuyuruq. Hər bir şagirdin tempraturu ölçülür”.
9C sinfinin şagirdi Ayan Həsənli insanın istənilən vəziyyətdə tədris ala bilməsindən söz açıb:
“15 sentyabrdan 1 oktyabra qədər IX siniflərdə dərs onlayn rejimdə keçirilir. Ayın 1-dən isə əyani şəkildə həftədə 3 dəfə tədrisə start verdik. Distant rejimdə Teams proqramı vasitəsi ilə müəllimlərin nəzarəti altında onlayn dərslərə qoşulurduq. Dərslərdən uzaqlaşmadıq, çünki müəllimlər bizə ciddi nəzarət edirdilər. Əyani dərsə başladıqda isə VIII sinifdə keçdiyimiz mövzuları müzakirə etdik. Oxumaq istəyən şagird üçün şəraitin heç bir önəmi yoxdur. Çünki mövcud vəziyyətdən aslı olmayaraq, şagirdin biliyə yiyələnməsi olduqca önəmlidir. Sadəcə onun səmərəli yolunu tapmaq lazımdır”.
Bütün şagirdlərə sağlam həyat arzu edirik!