Bir neçə gün öncə Azərbaycan ordusunun uğurlu əks-hücumları sayəsində Cəbrayıl şəhəri 27 il sonra işğaldan azad edildi.
Cəbrayıl hər zaman özünün ziyalı-intellektual mühiti ilə seçilib və bir çox ziyalılar yetişdirib. Ancaq işğaldan sonra tarixi-mədəniyyət abidələri dağıdıldığı kimi, elmi mühiti də tənəzzülə uğradı.
Gələcəkdə ziyalılar, müəllimlər yurdu sayılan Cəbrayılın elmi-intellektual mühitinin inkişafı üçün təbii ki, əsaslı işlər görüləcək, zəruri addımlar atılacaq. İnanırıq ki, işğal altında olan bütün ərazilərimizin yaxın zamanlarda azad edilməsindən sonra bu kimi məsələlər müzakirə mövzusuna çevriləcək.
Lakin bu gün də ürəyi Cəbrayıl həsrəti ilə yanan o yurdun ziyalıları doğma el-obalarındakı elmi-intellektual mühitinin yenidən gücləndirilməsi üçün sosial şəbəkə və mətbuatda bir çox təkliflərlə çıxış edirlər.
Modern.az informasiya agentliyinin baş redaktoru Əfqan Qafarlı AzEdu.az-a açıqlamasında torpaqlarımızın tam olaraq işğaldan azad edilməsindən sonra digər bölgələr kimi Cəbrayılda da elmi-intellektual mühitin əvvəlki səviyyəyə qaytarılması, hətta daha yaxşı inkişafı üçün mühüm tədbirlərin görüləcəyinə əmin olduğunu bildirib:
“Öncəliklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın atdığı qətiyyətli və cəsarətli addımları bir vətəndaş olaraq alqışlayıram. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbçilərimizin ruhu qarşısına baş əyir, yaralanmış əsgərlərimizə Allahdan şəfa diləyirəm.
Eyni zamanda, bu müqəddəs mübarizədə hər bir soydaşımız kimi mən də Vətənin çağırışına hazıram.
Cəbrayıl şəhəri və rayonun kəndlərinin işğaldan azad edilməsi o bölgədən olan bütün insanlar kimi məni də hədsiz sevindirib. İnanıram ki, işğalda qalan digər ərazilərimiz də tezliklə düşməndən təmizlənəcək və o zaman biz tam olaraq ürəkdən sevinəcəyik.
Cəbrayıl rayonu özünün ziyalı, intellektual mühiti ilə hər zaman seçilib. Bu mühitdən çıxmış yüzlərlə tanınmış ad çəkmək olar: Xalq yazıçısı Sabir Əhmədli, şair Vaqif Bayatlı Odər, türkoloq alim Tofiq Hacıyev, Milli Qəhrəman Kazım Məmmədov və başqaları...
Biz əminik ki, torpaqlarımız tam olaraq işğaldan azad ediləndən sonra digər bölgələr kimi Cəbrayılda da elmi-intellektual mühitin əvvəlki səviyyəyə qaytarılması, hətta daha yaxşı inkişafı üçün mühüm tədbirlər görüləcək.
Baş redaktor elmi-maarifçi inkişafın vacibliyinə diqqət çəkib, təhsilin inkişaf etdirilməsi ilə bağlı bir sıra vacib meyarları vurğulayıb:
“Məlumdur ki, cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Hər bir dövlətin, xalqın gələcək inkişafı onun malik olduğu elmi-intellektualdan asılıdır.
Elmə doğru gedən yol heç vaxt hamar olmayıb. Bu yolda qarşıya çıxan çətinliklər çoxdur və dövlət vətəndaşına problemlərin həllində yaxından kömək edəcək.
Mənim bu məsələlərlə bağlı hansısa təkliflər irəli sürməyim bəlkə də düz çıxmaz, elm və təhsil sahəsindən olanlar daha yaxşı və əhatəli danışa bilərlər.
Amma onu qeyd edə bilərəm ki, indi heç kimə sirr deyil ki, ölkələrinin gələcək inkişafı təhsil sisteminin səviyyəsindən asılıdır.
İşğaldan azad olunmuş Cəbrayıla qayıdış başlayandan sonra ilk növbədə təhsil müəssisələrinin, muzeylərin, mədəniyyət obyektlərinin yenidən bərpası ön planda olmalıdır.
Məktəb tikintisi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan peşə məktəblərin açılması diqqət mərkəzində saxlanılmalıdır.
Bölgədə elmi biliklərin mənimsənilməsi və yayılmasının təmin olunması üçün bu işə elm adamları, digər ixtisaslı mütəxəssislər cəlb olunmalıdır. Müasir informasiya cəmiyyəti də bunu tələb edir.
Hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasına yönəlib.
Şübhə etmirik ki, təkcə Cəbrayıla deyil, digər torpaqlara qayıdış başlayanda dövlət bu və digər məsələlərə xüsusi önəm verəcək.
Hələlik isə bizim əsas arzu-istəyimiz Qarabağda separatçıların kökününün kəsilməsi, ərazi bötüvlüyümüzün bərpası, müharibənin qalibiyyətlə başa çatmasıdır”.
Cəbrayıllı xalq yazıçısı, mərhum Sabir Əhmədlinin oğlu Etibar Əhmədli öncəliklə ərazi bütövlüyümüzün tam şəkildə bərp edilməli olduğunu bildirib:
“Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü tam şəkildə bərpa edilməli və əhalinin orada məskunlaşdırılması başa çatdırılmalıdır.
Birinci növbədə torpağımıza, suyumuza, havamıza qovuşmağımız əsasdır. Cəbrayılımızın elmi, mədəniyyətində bu mühim rol oynayır. Əlbəttə ki, daha sonra bütün lazımi işlər görüləcək və barpa işləri aparılacaq. O torpaqlarda görüləcək çox şey var.
O, ərazilərimiz tam azad edildikdən sonra gerçəkləşdirilməsini arzu etdiyi bir təklif olduğunu bildirib:
“Cəbrayılın girişində “Dostluq bulağı” yerləşir. Mən çox istərdim ki, Cəbrayıl tam azad edildikdən sonra gələcəkdə şəhərin giriş hissəsində hazırda Azərbaycana dəstək olan Türkiyə, Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Gürcüstan kimi dövlətlərin bayraqları Azərbaycan bayraqları ilə yan-yana asılsın”.
Qeyd edək ki, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks hücumları davam edir.
Qarabağ Azərbaycandır!