Azedu.az

İşğaldan azad olunan ərazilərimiz çox güclü müəllimlərlə təmin olunmalıdır -TƏKLİF

4 Oktyabr 2020, 15:17
İşğaldan azad olunan ərazilərimiz çox güclü müəllimlərlə təmin olunmalıdır -TƏKLİF

 

 

 

“İşğaldan azad olunan bölgələrə digər regionlarda yaşayan müəllimləri səfərbər etmək lazımdır”.

 

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komisiyasının sədri, tanınmış hərbi mahnıların müəllifi  Şahin Musaoğlu deyib.

 

O, düşmən tapdağından azad olunan bölgələrdə təhsilin inkişaf etdirilməsi üçün bir sıra tədbirlərə əl atmağın vacib olduğunu qeyd edib:

 

“Hazırda pandemiya şəraiti ilə bağlı tədrisi tam şəkildə ənənəvi formada təşkil etmək mümkün deyil. İşğaldan azad olunan torpaqlarımızda təhsilin inkişafı orada infrastrukturun hansı şəkildə qurulmasından aslıdır. Ölkəmiz Cocuq Mərcanlını düşmən əsarətindən xilas etdikdən sonra orada təhsili pilləli şəkildə qurdu. İlk olaraq məktəblər açıldı və onun strukturu yeniləndi.

 

İşğaldan azad olunan bölgələrimizə mütəxəssislər göndərilməlidir. Onlar  təcrübəli  müəllim kollektivindən təşkil olunmalıdır. Həmin torpaqlara  ölkənin digər regionlarında yaşayan müəllimləri səfərbər etmək lazımdır. Onlar  Azərbaycan dili, fizika, kimya kimi fənlərlə yanaşı şagirdlərə vətənpərvərlik dərsini də tədris etməlidilər. Gənc şagirdlərimizə torpaqlarımızı necə aldığımızı, onun uğrunda hansı çətinliklərlə mübarizə apardığımızı düzgün şəkildə anlatmalıyıq. Övladlarımıza ərazilərimizə sahiblənmək duyğusunu aşılamalıyıq. Onlar dövlətimizin adət-ənənələrini qoruyub saxlamalı və  soy-kökə bağlı böyüdülməlidir. Gənclərimizin ruhunu diri saxlamalıyıq.

 

Tədris istənilən halda Təhsil Nazirliyi tərəfindən  xüsusi proqram vasitəsi ilə  tərtib olunacaq. Lakin işğaldan azad olunan ərazilərdə müəllimlərin şəxsi təşəbbüslərinə  böyük ehtiyac var”.

 

Şahin Musaoğlu AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının indiki şəraitdəki  fəaliyyətindən də söz açıb:

 

“Azərbaycan  Yazıçılar Birliyinin tərkibində Hərbi Vətənpərvərlik Komissiyamız  fəaliyyət göstərir. Bizim çox hörmətli şairimiz Zəlimxan Yaqub bu komissiyanın rəhbəri idi. O, dünyasını dəyişdikdən sonra Anar müəllim həmin vəzifəni mənə təklif etdi. Mən 2016-cı ildə sədrliyə başladığım zaman Aprel döyüşləri baş verdi. Biz o dönəm Azərbaycan Yazıçılar Birliyi olaraq  Müdafiə Nazirliyi ilə AYB arasında  memorandum imzaladıq. Mən, Anar müəllim, Fikrət Qoca, Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov və   bir çox nümayəndə ilə Müdafiə Nazirliyinə getdik. Bu təşəbbüsümüzdən ölkə başçısının da xəbəri var idi. Ümumi  proqram əsasında biz bayram və digər xüsusi günlərdə tədbirlər keçirməyi nəzərdə tutduq. Zakir Həsənov  gənc yazıçı və şairlərimizi bir ay  hərbi hissəyə ezam olunmasına icazə verdi. Biz həmin bölgələrdə əsgərlərin həyat tərzini müşahidə edərək, material hazırlamalı idik.

 

Bu il məlum hadisələrə  görə cəbhə bölgəsinə gedə bilmədik. Hazırda bizim savaş ədəbiyyatımız formalaşır. Bu göstəriş və əmr əsasında yaranmır. Şair və yazıçılarımız Qarabağ müharibəsi ilə bağlı esse və romanlar yazırlar. Eyni zamanda  müharibənin sosial, iqtisadi  tərəfləri işıqlandırmalıdır. Lakin onun bir çox  gerçəklikləri var. Arxa cəbhədə baş verən hadisələr işıqlandırılmalıdır. Hamı ön cəbhədə igidlik göstərmir, burada fərari və satqınlıqlar da olur. Hazırda biz hərb tariximizi yazan  əsgərlərimizin fəaliyyətini kağızlara köçürürük. Ədəbiyyat tarixin güzgüsüdür. Müharibə yeganə mövzudur ki,  yazıçı fantaziyası onun köməyinə gəlmir, burada əsas olan müşahidəçilik qabiliyyətidir”.

Putin Trampın Ukrayna ilə bağlı təklifinə RAZILIQ VERDİ
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox