“Azərbaycan cəmiyyətində valideynlər övladları üçün bilik, bacarıq və səriştənin daha önəmli olduğunu anlamırlar”.
Bu sözləri AzEdu.az-a açıqlamasında 189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyeva deyib.
“Təəssüf ki, Azərbaycan cəmiyyətində valideynlər övladları üçün bilik, bacarıq və səriştənin daha önəmli olduğunu anlamırlar. Bu baxımdan onların böyük əksəriyyəti övladlarının qiyməti almalarını daha üstün tuturlar. Bu məni həmişə narahat edib.
Bilik günündə birinci dərs həmişə müəyyən məsələlərə həsr olunub. İlk dəfə bu il ibtidai siniflərin ibirinci dərsi məhz pandemiya ilə mübarizə tədbirlərinə həsr olunub. Digər siniflərdə isə buna uyğun müvafiq mövzular tətbiq olunub. Onlayn dərslərdə mütləq şəkildə bu mövzular şagirdlərə çatdırılıb. Ən çətin məqamlardan biri təşkilati məsələlərdir. Məktəblərin hamısının həyətində ara məsafəsinin gözlənilməsi məqsədi ilə müəyyən işarələr qoyulub. Müsbət hal odur ki, bizim 5 çıxış nöqtəmiz var. Cədvəllərə uyğun olaraq şagirdlərimiz A, B , C , E və D qapılarından daxil ola bilərlər”.
Direktor məktəblərin növbəli şəkildə fəaliyyətindən söz açıb:
“Sinif rəhbəri tərəfindən valideynlərə məlumat verilib ki, həftənin 1 və 3-cü günləri bir qrup, 2 və 4-cü günləri isə digər qruplar gələcək. Dərs cədvəlləri onlara onlayn şəkildə göndərilib. Eyni zamanda valideyn övladının hansı qapıdan gələcəyini öncədən bilir. A qapısı 189 nömrəli məktəbin, B 190-nın əsas giriş qapısıdır. Hər qapının qarşısında digər qapılara istiqamət üçün işarələr qoyulub.
Onlayn dərs keçən müəllimləri cəlb etmişik ki, şagirdlər siniflərə daxil olana qədər ara məsafənin gözlənilməsinə nəzarət etsinlər”.