AzEdu.az təhsil mütəxəssisi, psixoloq-pedaqoq Əli İbrahimbəylinin araşdırma yazısını təqdim edir:
Təhsil hər bir toplumun, cəmiyyətin və ailənin həyatında ən əhəmiyyətli məsələdir. Təhsil və tərbiyəyə önəm verən istənilən millət, cəmiyyət, ailə, insan özünün xoşbəxt və firavan yaşaması üçün daha böyük imkanlara malik olur. Bu gün dünyada ən inkişaf etmiş olkələr, ən firavan yaşayan millətlər təhsildə öndə olan ölkələr və millətlərdir.
Yaxşı haldır ki, ilbəil, zaman-zaman bizdə də təhsil və tərbiyə məsələlərinə daha çox önəm verilir. Dövlət səviyyəsində bu sahədə görülən yaxşı işlərlə bərabər, insanlarımızda da övladlarının daha yüksək təhsil almasına xeyli maraq və diqqət artıb.
Bu gün hər bir valideyn böyük alim Nəsirəddin Tusinin vaxtilə dediyi “ Valideynin övladı üçün qoya biləcəyi ən böyük miras yüksək təhsil və gözəl tərbiyədir” –fikrinə daha həssaslıqla yanaşır, çalışır ki, onun övladı ən yaxşı məktəbdə əla qiymətlərlə oxusun, yüksək təhsil alsın, bir neçə xarici dil bilsin, müasir dünyamızın tələblərinə cavab verən kompüter elmlərinə yiyələnsin. Bu günkü valideynin vəzifəsi və məsuliyyəti daha böyükdür, çünki o, məktəblə bərabər daha da müasirləşən, qloballaşan dünya üçün vətəndaş-insan hazırlayır.
Bütün bu yaxşı tərəflərlə yanaşı, məsələnin narahatedici tərəfləri də var ki, onların səbəblərini həm ümumi, həm pedaqoji, həm də psixoloji nöqteyi-nəzərdən təhlilini verməyə çalışacağıq.
Məlum faktdır ki, ailədən sonra uşaqların ən çox vaxt keçirdiyi yer məktəbdir. Məktəb uşağın təkcə elm, təhsil qazanmağı üçün yox, həm də tərbiyə aldığı, ünsiyyətdə olduğu ən vacib bir məkandır. Hər bir insanın taleyində məktəb həyatı xüsusi əhəmiyyət daşıyır. Bəs nədən böyük və arzularla başlanan məktəb həyatı sonradan bir çoxları üçün darıxdırıcı bir həyata çevrilir?
Hər gün böyük həvəslə məktəbə yola düşən, dərslərdə fəal iştirak edən, yaxşı qiymətlərlə evə qayıdıb ailə üzvlərini sevindirən şagirdlərlə bərabər, hələ səhər-səhər gileylə oyanan, həvəssiz məktəbə gedən, neçə saat əzabla dərslərin sonunu gözləyən, evə gələndən sonra isə ancaq məktəb, müəllim və sinif yoldaşlarından şikayətlənən xeyli şagirdlərimiz də var. Yəni zəif oxuyan, məktəbə, təhsilə, kitab-dəftərə həvəsi olmayan, ümumilikdə, məktəbə getməyən və oxumaq istəməyən uşaqlar var ki, bu problem də bir çox ailələrdə narahatçılıq mənbəyinə çevrilərək psixoloji gərginlik yaradır.
Təəssüf ki, həyata, təxminən, eyni ağıl və bacarıqlarla gələn uşaqların bir çoxu bir müddət yaxşı oxuduqları, inkişaf etdikləri halda, sonradan dərslərdə keçirilən mövzuları mənimsəyə bilmir, geridə qalır və ya dərslərə, məktəbə marağı itirir. Son hesabda isə özləri sinif yoldaşları, müəllimləri arasında maraqsız bir insana çevrilir. Nəticədə isə, ailədə problemlər yaşanır, ailə və məktəb arasında xoşagəlməyən münasibətlər formalaşır.
Şagird məktəbə oxumaq, öyrənmək, oynamaq, ünsiyyətdə olmaq üçün gəlir, çünki onu burada qeyri-adi, ağıllı, xeyirxah insanlarla-müəllimləri və dostları ilə görüş gözləyir, ona görə qəlbi açıq və sadəlövhdir. O, məktəbə yeni gələndə çox sevinclə, böyük ümidlərlə gəlir, ancaq bir vaxtdan sonra onun qəlbindəki işıq sönür, çox vaxt təbiət tərəfindən o uşaqlara verilmiş bacarıqlar istifadə olunmadan yararsız vəziyyətə düşür? Onda məktəbə, müəllimlərə, dərslərinə qarşı bir həvəssizlik, süstlük yaranır,
Məktəbdirmi günahkar, müəllimdirmi səbəbkar? Ola bilər, ancaq, ümumilikdə məktəbi, müəllimi günahlandırmaq necə də asandır. Unutmayaq ki, onların da yüzlərlə öz problemləri var...
Görkəmli rus pedaqoqu İ.P.Volkov deyirdi: “Bütün uşaqlar istedadlıdır. Məktəb onların hər birinin istedad və bacarığının üzə çıxmasına kömək etməlidir. Uşaqlar öz məktəbini, müəllimlərini sevdikdə, oxumaq onlar üçün daha maraqlı olur”.
Bəs əslində nə baş verir? Məktəbə davamiyyətin, dərslərə həvəsin, müəllim və sinif yoldaşlarına sevginin azalması səbəbləri nədən və hardan qaynaqlanır? Səbəblər yüzlərlə ola bilər, onlardan əsas və geniş yayılmışlarını nəzərdən keçirək:
konkret hansısa fənnin çətinliyi, yaxşı qavranılmaması və nəticədə həmin fənnə marağın azalması;
Əlavə olaraq sözügedən səbəblərdən ikisini xüsusi vurğulamaq lazımdır:
Uşaqların dərsləri yaxşı oxumamaqlarına səbəb olan amillərdən biri də fənn müəllimlərinin şagirdləri normadan artıq ev tapşırıqları ilə yükləməsidir. Sanki yarış gedir, hansı fəndən daha çox tapşırıq verilirsə, deməli o fənn daha yaxşı keçirilir. Əslində isə, yaxşı müəllim mövzunu sinifdə dərs məşğələsi zamanı uşaqlara başa salmalıdır. Ancaq bəzən dərs vaxtının düzgün bölünməməsi, əsas vaxtın kənar mövzulara verilməsi nəticəsində, müəllim sinifdə həll ediləcək tapşırıqları da evə verməli olur.
Bir çox xarici ölkələrin təhsil sistemində əsas prinsiplərdən biri yeni mövzunu, əsasən, dərs məşğələsi zamanı öyrətməkdir. Bizdə bəzən şagirdlər ev tapşırıqları ilə o qədər yüklənir ki, evə gələn kimi yeməkdən də qabaq tapşırıqların həllinə başlayır.
Buna kiçik bir misal: 5-ci sinifdə Azərbaycan dili fənnindən “Təcili qan lazımdır” hekayəsi keçirilir. Ev tapşırığı kimi verilir:
1) Mətni üzündən ifadəli oxumaq;
2) Mətni nağıl etmək;
3) Mətni dəyişdirərək, obrazlardan birinin dili ilə hekayə yazmaq;
4) “Dostluq nədir?” mövzusunda inşa yazmaq.
Bir fəndən verilən bu qədər tapşırığın bir şagird tərəfindən yerinə yetirilməsi müşkül məsələdir. Bəs tapşırıq necə həll olunur? İnşanı ana yazır, yeni hekayəni ata hazırlayır, şagird isə bu hazır materialı öz xətti ilə dəftərinə köçürür.
Məşhur bir deyim var: “Pis uşaq yoxdur, pis tərbiyəçi var.” Fiziki və psixoloji baxımdan sağlam olan, lakin tam şəkildə istedadsız, bacarıqsız və qabiliyyətsiz uşaq da yoxdur, bunları üzə çıxartmağı bacarmayan tərbiyəçi var, yəni valideyn və müəllim. Bütün uşaqlar yeniliyə, bilmədikləri şeyləri araşdırmağa meyllidirlər. Onlar öyrənmək istəyirlər, əsas məsələ isə, o, nəyi öyrənmək və necə öyrənmək istəyir. Bu məqamda müəllim çox diqqətli və həssas olmalıdır. Yəni müəllimdə uşaqlara kollektiv yox, fərdi yanaşmaq, onların hər birinin fizioloji, əqli və psixoloji xüsusiyyətlərini nəzərə almalıdır. Bunun üçünsə, müəllim daim öz üzərində işləməli, mütaliəsini artırmalı, uşaqların yaş və inkişaf psixologiyasıilə bağlı lazımi ədəbiyyatı bilməlidir. Görkəmli psixoloq G.Lefransua qeyd edir ki: "İnkişafın psixologiyası insanların necə inkişaf etməsini və dəyişməsini, eyni bir şeyi müxtəlif ölçülərlə necə qavranmasını açıqlamağa və izah etməyə çalışır. Kontekstin inkişaf təsirini araşdırır. Müxtəlif yaşlı və cinsli inkişaf xarakteristikası haqqında müəllimlərə zəruri informasiya verir. Müəllim həmişə bilməldir ki, şagirdlər üçün nə maraqlıdır, onlar nəyə qadirdilər və öyrənməyə nə qədər hazırdırlar?”
Uşaqların təfəkkür tərzini (humanitar və ya məntiqi, rasional), temperamentini (xolerik, sanqvinik, fleqmatik, yoxsa melanxolik), xarakter xüsusiyyətlərini nəzərə almadan tərbiyə və tədris prosesində yaxşı nəticə əldə etmək mümkün deyil. Bütün uşaqlar riyaziyyatı yaxşı oxuya bilməz, bütün uşaqlar yaxşı inşa yaza bilməz. Hamı eyni səviyyədə bütün fənləri öyrənə bilməz. Çox təəssüf ki, bəzən riyaziyyat müəllimi istəyir ki, sinifdə olan bütün uşaqlar gələcəyin ancaq riyaziyyatçısi, dil müəllimi isə onları ancaq gələcəyin dilçisi görmək istəyir.
Şagirdlərin hansısa fənni yaxşı və ya zəif oxuması birbaşa o fənni tədris edən müəllimdən çox asılıdır. Öz fənnini yaxşı, maraqlı, zamanın tələbləri səviyyəsində, müasir interaktiv üsullarla, əlavə tədris vəsaitləri ilə (bu, müxtəlif əyani, audio-vizual vəsaitlər də ola bilər) tədris edən, uşaqlara sevgi və hörmətlə yanaşan müəllimin dərsini oxumamaq mümkün deyil. Dərsə maraq birbaşa müəllimə maraqdan, hörmətdən və sevgidən yaranır, yəni müəllim uşaqlar üçün maraqlıdırsa, sevilirsə, onun fənni də maraqlı olacaq və seviləcək. Savadlı, əsl müəllimin dərsini dinləməmək, oxumamaq mümkün deyil. Çox vaxt hansısa fənnə marağın olmaması, həmin fənni tədris edən müəlimə olan hörmətin və sevginin az və ya heç olmamasından yaranır. Bir sözlə, sevilən müəllimin dərsi də sevilən olacaq.
Son vaxtlar bütün dünyada yayılmış koronovirus pandemiyası ilə bağlı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq 3 aya yaxındır ki, bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, məktəblilər ev şəraitində hazırlaşır. Yaranmış mövcud vəziyyətlə bağlı uşaqların gündəlik həyatında, hərəkət və davranışlarında, yuxu rejimində müəyyən dəyişikliklər yaranmışdır. Bütün bunlarla bağlı məsələləri növbəti məqalədə daha geniş şəkildə işıqlandırmağa çalışacağıq.
Zəif oxuyan uşaqlarla ünsiyyətdə nələrə diqqət yetirməli: