Ötən gün DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə brifinqdə qəbul imtahanların rayonlarda, yəni şagirdlərin yaşadığı yerlərdə keçiriləcəyini açıqladı.
Bununla bağlı əvvəlki ilin məzunlarını narahat edən məqam onların faktiki yaşayış yoxsa qeydiyyatda olduğu yerdə imtahan verəcəyidir.
Bu barədə AzEdu.az-a danışan DİM-in sektor müdiri Xanlar Xanlarzadə abituriyentlərin imtahan binalarına təsdiqlənmiş qaydalar əsasında təyin olunduğunu bildirib.
“Qaydalara görə cari ilin məzunları oxuduqları məktəbə ən yaxın imtahan mərkəzində imtahan verirlər. Əvvəlki ilin məzunları isə şəxsi kabinetdə qeyd etdikləri faktiki yaşadıqları ünvana yaxın mərkəzlərdə imtahanda iştirak edirlər. Bunlar həmişəki qaydadır. Əgər abituriyent şəxsi kabinetində faktiki yaşadığı yeri qeyd etməyibsə, o zaman o, daimi qeydiyyatda olduğu ünvana ən yaxın imtahan binasına təyin olunur”.
Qeyd edək ki, artıq ali və orta təhsil müəssisələrinə qeydiyyat başlayıb. Qeydiyyat mayın 12-dən iyunun 5-dək davam edəcək.