“Məhəmməd müxtəlif texniki avadanlıqlar, insanların işini asanlaşdıran robotlar hazırlamaq eşqi ilə yaşayır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında yeni formada tozsoran modeli hazırlayan 161 nömrəli tam orta məktəbin I sinif şagirdi Məhəmməd Vəlilinin anası Ülviyyə Əliyeva deyib.
O, oğlunun yeni ixtiralarından söz açıb:
“Məhəmmədin texnologiyaya marağı çox böyükdür. Həmişə deyirdi ki, sənə ev işlərində kömək üçün robot düzəldəcəm. Evdə qaldığı bu müddətdə, əvvəlcə tozsorandan başladı. Sırf ev əşyası olaraq anasına kömək etsin deyə, tozsoran fikri ağlına gəldi. Bu ideyanı təkmilləşdirərək daha güclü, özü hərəkət edə bilən tozsoran düzəltmək fikrindədir”.
Anası söyləyir ki, Məhəmməd müxtəlif texniki avadanlıqlar, insanların işini asanlaşdıran robotlar hazırlamaq eşqi ilə yaşayır.
“Hazırda vertolyot düzəldir. Onun uçması üçün müxtəlif sınaqlar edir. Növbəti dəfə isə maqnit vasitəsilə elektrik enerjisi əldə etməyə çalışacaq. Hələ ki, onların maketlərini hazırlayıb və işə salmaq mərhələsindədir. Məsələn, cizgi qəhrəmani Wall-E-nin, müxtəlif maşınların maketləri hazırlayıb. Hərəkət etdirməsi üçün bəzi avadanlıqlar çatışmır ki, yaxında onları da əldə edecək”.
Ülviyyə Əliyrva qeyd edir ki, bu işdə atası ona dəstək olur:
“Riyaziyyat müəllimi olan atası Məhəmmədə yol göstərir, avadanlıqların tapılmasında köməklik edir. Sinif müəllimi Nilufər Mədətova həmişə ona motivasiya verib həvəsləndirir. O, Məhəmmədi gələcəyin robot mühəndisi kimi görür. Sinif yoldaşları da Məhəmmədə stimul verir. O, hər dəfə onlarla öz ideyalarını paylaşıb məsləhət alır”.
Qeyd edək ki, Məhəmməd valideyninin dəstəyi ilə düzəltdiyi qurğu təmizləmə funksiyasını icra edir.
Karton qəfəs üzərində yığılan elektrik cihazı kiçik həcmli təmizləmə işlərində səmərəli ola bilər.