Dövlət İmtahan Mərkəzi Bakı, Naxçıvan, Şirvan şəhərlərində 9-cu sinif şagirdlərinin buraxılış imtahanın birinci mərhələsini keçirib.
İmtahan binaları DİM tərəfindən nəzarətdə saxlanılıb, qanunsuz hallara yol verilməyib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə martın 1-i keçirilən buraxılış imtahanlarından 3 nəfərdə mobil telefon aşkarlandığı üçün zaldan xaric ediliblər.
Həmçinin, imtahanda iştirak etmək üçün tələb edilən sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin əsli deyil, surəti ilə gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Sənədləri qaydasından olmayan və üzrlü səbəbdən imtahanda iştirak etməyən şagirdlər müaciət edərək martın 29-da keçiriləcək əvvəlki illərin məzunları ilə birgə buraxılış imtahanında iştirak edə bilərlər.
Məlumat üçün bildirək ki, imtahana gedərkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) aparmaq lazımdır.