“Bugünki qəbul imtahanında da sadə sualların düşəcəyini fikirləşirəm. Orta səviyyəli şagirdin 15 sualı cavablaması mümkündür”.
Bu sözləri AzEdu.az saytına açıqlamasında riyaziyyatçı Məhəmməd Məmmədbəyli deyib. O, şagirdlərin daha çox həndəsədə çətinlik çəkdiyini bildirib:
“Riyaziyyatda qəbula düşən mövzular olduqca çoxdur. Şagirdlərin hər mövzuda çətinlikləri var. Ən zəif bildikləri isə həndəsədir. Bu fəndə xüsusilə çətinlik çəkirlər. Həndəsədə bəlkə bir az onların gözlərini qorxudublar, bəlkə də həndəsədə daha çox fikirləşmək lazım olduğuna görə bu belədir. Nə ilə əlaqədar olduğunu tam olaraq bilmirəm, amma həndəsəyə ümumiyyətlə diqqət yetirən yoxdur. Cəbri isə düsturları əzbərləyib tətbiq etməyin sayəsində daha yaxşı öyrənirlər”.
Məhəmməd müəllim şagirdlərin həyəcan səbəbindən diqqətsizliyə yol verməməsi üçün sınaq imtahanlarının sayının artırılmasını təklif edib:
“İmtahan zamanı abituriyentlərin 90 %-ində həyəcan olur. Bu, onlarda müəyyən diqqətsizliyə yol açır. Elə sınaq imtahanları da qəbulun həyəcanını yox etməyə, diqqətsizliyi aradan qaldırmağa kömək edir. Məncə, sınaq imtahanlarının sayını çoxaltmaq lazımdır. DİM-ə təklif etmək lazımdır ki, sınaq imtahanlarının sayını ikiqat artırsınlar”.
O, bugünki qəbul imtahanında riyaziyyat fənnindən asan suallar düşəcəyini güman edir: “Keçən dəfəki qəbul imtahanına baxdım. O imtahanda çox asan, 15- 20 dəqiqəyə həll edilə biləcək suallar idi. Orta səviyyəli şagird onların 15-ni cavablandıra bilərdi. Bugünki qəbul imtahanında da sadə sualların düşəcəyini fikirləşirəm. Ümumiyyətlə, qəbul imtahanında 25 sualın 10-u çox asan, 8-i orta səviyyəli, 7-i isə çətin olur. Yəni orta səviyyəli şagirdin 15 sualı cavablaması mümkündür”.