AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Qəbul qaydalarında yenilik edildi
Magistratura qəbul imtahanın müddətində dəyişiklik edilib.
Bu ildən qəbul imtahanları 3 saat müddətində keçiriləcək. Ötən illər isə magistraturaya qəbul imtahanının birinci mərhələsi 2.5, ikinci mərhələsi isə 1.5 saat müddətində keçirilirdi.
Tələbələrin köçürülməsi prosesi başlandı
Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət ixtisasları yaradılıb.
Eyni zamanda “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları yaradılıb.
Məktəblərdə müəllimlik ixtisası üzrə yeni vakansiyalar elan edildi
Kimya, biologiya, informatika və rus dili fənləri üzrə yeni vakansiyalar elan olundu. Həmçinin, İmişli rayonunun ümumi təhsil müəssisələrində riyaziyyat və ingilis dili fənni üzrə yeni yaranan vakansiyalar elan edildi.
Həmin vakansiyalara müraciət müddəti isə gün olub.
Məktəblilərin qış tətili başa çatdı
Ümumi təhsil müəssisələrində məktəblilərin qış tətili başa çatdı. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Birinci yarımil üzrə qiymətləndirmə başa çatıb
Ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) başa çatıb.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.