Son illər dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə aparılan uğurlu təhsil strategiyası, islahatlar, bununla bağlı qəbul edilən proqram, qərar və sərəncamlar təhsilimizdə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, böyük nailiyyətlər qazanılmasında həlledici rol oynayıb.
Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə təhsil müəssisələrinin fəaliyyətinin aktivləşməsi xüsusi önəm daşıyır.
İmişli rayon Təhsil Şöbəsinin işi də bu baxımdan xüsusi diqqət çəkir. Şöbənin rəhbərliyi ilə həyata keçirilən müxtəlif layihələr, görülən işlər rayonda təhsilin maddi-texniki bazasını xeyli möhkəmləndirilib, orta ümumtəhsil məktəbləri müasir tələblər səviyyəsində yenidən qurulub. Artıq məktəblilərdə dərslərə həvəsin artması, bilik səviyyəsinin gözəçarpacaq irəliləyişləri hiss olunmaqdadır.
Rayon Təhsil Şöbəsinin tabeliyində 62 ümumtəhsil məktəbi - 57 tam orta məktəb, 3 ümumi orta məktəb, 2 ibtidai məktəb, o cümlədən 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil şöbəsi kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl pedaqoji qurumlarından birinə çevrilib.
Ötən 6 ayda şöbənin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində burada tədrisin keyfiyyəti xeyli yüksəlib. Məktəblərdə nizam intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın artırılması aydın hiss olunur.
Rayonda bu il yanvarın 19-da ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilib. Beş mərkəzdə keçirilən imtahan rayon təhsil şöbəsinin təşkilatçılığı ilə aparılıb. İmtahanda rayon üzrə IX siniflərdə təhsil alan 1284 nəfər şagirdən 1156 nəfəri iştirak edib.
Bu imtahanın keçirilməsində məqsəd IX sinif məzunlarının bilik səviyyəsini, pedaqoji kollektivlərin, o çümlədən müəllimlərin fəaliyyətini qiymətləndirmək, təhsil sahəsindəki real vəziyyəti yaxından müəyyən etmək, eyni zamanda imtahan iştirakçılarının hədəflərinin aydınlanması, məsuliyyətlərinin artırılması olub. Bu həmçinin, təhsilin inkişafına və bu ilki buraxılış imtahanlarında yüksək nəticələrin əldə olunmasına hesablanan bir hadisədir. İmtahanların nəticələri yaxın günlərdə məlum olacaq ki, bunun da təhsil şöbəsində geniş şəkildə təhlil və müzakirəsi aparılacaq. Sonrakı mərhələlərdə, görüləcək işlərin məqsədyönlü davamında da bu imtahanda göstərilən nəticələr nəzərə alınacaq.
Bu ilin ikinci yarımilində də rayon üzrə müxtəlif mövzularda bu formatda monitorinqlərin təşkili nəzərdə tutulur. Təhsil şöbəsindən bildirildi ki, fevral ayında IV siniflərin bilik səviyyəsinin müəyyən edilməsi üçün də belə bir sınaq imtahanı keçiriləcək.
Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyevin dediyinə görə son vaxtlar təhsilin inkişafındakı nailiyyətlərin sayı artmaqdadır. Burada hər kəs öz işinə xüsusi məsuliyyətlə yanaşır və dərs keyfiyyətinin, tədris prosesində nizam-intizamın artırılması üçün əlindən gələni əsirgəmir.