Son günlər təhsil sahəsində müzakirə olunan əsas məsələlərdən biri də repetitor hazırlığı ilə bağlıdır.Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində Təhsil naziri Ceyhun Bayramov bir il müddətində repetitor probleminin həll olunacağını söyləyib:
“Təhsil Nazirliyi olaraq repetitorluq bizi daimi düşündürən məsələdir. Onu da vurğulayım ki, bu, kifayət qədər dərin kökü, tarixi olan problemdir və nəzərə alaq ki, belə nüfuz etmiş problemlərin asan və tez həlli yoxdur. Biz də istərdik ki, müəyyən qərar qəbul etməklə bir il müddətində bu problemin tam həllinə nail olaq”.
Ümumiyyətlə, repetitor dedikdə adətən müəyyən maddi vəsait qarşılığında abituriyent və digər şəxslərə elm öyrədən insanlar başa düşülür.
AzEdu.az repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər arasında sorğu keçirərək, onların hansı şərtlər daxilində yalnız təhsil müəssisəsində çalışacaqları haqqında fikirlərini öyrənib.
Füzulidə çalışan Tarix-coğrafiya müəllimi Posu Mansırlının fikrincə, repetitorluq məktəbdənkənar bir fəaliyyət olduğunu və tədris prosesinə təsir etmədiyini düşünür:
“Repetitorluq məktəbdənsonrakı fəaliyyət olduğundan hər hansı qanunla ləğv olunması düzgün deyil. Ancaq məktəb zamanı repetitorluqla məşğul olan və şagirdləri dərsdən yayındıran müəllimlərə qarşı tədbir görülməlidir. Ümumi olaraq müəllimlər repetitorluqla əlavə gəlir mənbəyi kimi məşğul olurlar. Bugünkü müəllim üçün ödənilən maaş onun aylıq xərclərini ödəmədiyinə görə müəllimlər əlavə gəlir mənbəyi tapmağa çalışırlar və repetitorluqla məşğul olurlar. Repetitorluğu ləğv etmək üçün əvvəl müəllimlərin maaşını yetəri qədər qaldırıb sonra məktəblərdə imtahan siatemini gücləndirmək lazımdır ki, müəllimlər fikirlərini yalnız məktəbə və tədrisə yönəltsinlər”.
Səbail rayon 132-134 saylı Təhsil Kompleksinin fizika müəllimi Hikmət Mehdiyev də məsələ ilə bağlı fikirlərini bildirib:
“Repetitorluğun ləğv olunması bəzi məktəblərdə yeni başlasa da, bizim məktəb artıq 4 ildir ki, bu sahədə geniş iş aparır. Məktəbimizdə texniki təmayüllü siniflər yaradılmağa başlanır. Burada repetitorluğun ləğv edilməsinə tam şəkildə nail olunmasa da, onun qarşısı müəyyən dərəcədə alınıb.Ötən il bizim məktəbdə iki abituriyent heç bir hazırlığa getmədən 646, 675 bal topladı. Həmin şagirdlər yalnız məktəbdə keçirilən dərslər vasitəsi ilə imtahanda yüksək nəticə göstəriblər.Bu bir daha göstərir ki, repetitor yanına getmədən də universitetə qəbul olmaq mümkündür.
Tək məktəb dərsi ilə universitetə hazırlaşmaq mümkün deyil.Əlavə dərs saatları salınmalıdır. Bunun üçün də müəllimlərə əlavə maaş ayrılmalıdır.Əgər belə olarsa, bizə də rahat işləyərik.Biz də istəmərik ki, ora-bura qaçaq.Ondansa bir yerdə işləmək daha sərfəli olar.Bu qanuni şəkildə tənzimlənməlidir”.
Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl repetitorluğu yüksək qiymətləndirib.
“Məncə repetitorluq xarici dil üzrə çox lazım olacaq.Nə qədər ki, Azərbaycanda dərslik qəbul proqramı ilə bərabərlik təşkil etmir, repetitorluq da bir o qədər qalacaq”.
Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirov repetitorluğun təhsil sistemindəki rolundan danışıb.
“Bunun çox çətin həlli var. İnsanlar artıq uzun illərin qəbul olunan sisteminə güvənirlər. Bunu nə cərimə, nə də maaş artımı ilə ləğv etmək olmaz. Bunun ləgvi cox uzun müddət tələb edir”.
Cəlilabad rayon Alar kənd 2 saylı orta məktəbinin müəllimi Elçin Abbasov repetitorluğun məktəblə bağlı olduğunu deyib.
“Repetitorluqla məşğul olan müəllimlərin çoxu madiyyat baxımından bu işə üz tuturlar.İnsanlar düşünürlər ki, müəllimlərin maaşı yüksək olarsa, onlar repetitorluqla məşğul olmayacaqlar.Məktəblərdə bəzən müəllimlərin potensiallarını göstərə bilmələri üçün şərait yaradılmır.Bu da müəllimləri repetitorluqla məşğul olmağa vadar edir.Məktəb rəhbərliyi düzgün qiymətləndirmə aparmır.Buna görə də müəllimin motivasiyası düşür.Müəllim görür ki, ondan az işləyən həmkarı onunla eyni səviyyədə maaş alır.Bu səbəbdən də müəllim repetitorluqla məşğul olur.Direktor və Təhsil Şöbələri də müəllimi düzgün qiymətləndirməlidir.Müəllim hansısa uğura imza atırsa, Təhsil Şöbəsi və məktəb rəhbərliyi onu təltif etməlidir.Qiymətləndirmə müəllimi çox həvəsləndirir.Bu da repetitorluğun qarşısını alacaq bir nüansdır”.
Nəticə olaraq, onu qeyd edə bilərik ki, repetitorluq fəaliyyəti abituriyentlərin xeyrinə olan bir məsələ olsa da, ümumilikdə təhsil sistemi üçün o qədər də yararlı deyil.