Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb -liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizdə uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb . Aparat rəhbəri Təhsil Nazirliyinin həyata keçirdiyi xüsusi siniflər layihəsinə də toxunaraq bildirib ki, hazırda Bakı Sumqayıt, Gəncə Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.
Daha sonra müsabiqə qaliblərinə diplom, medal hədiyyələr təqdim olunub.Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 25 ümumi təhsil müəssisələrinin rəhbərləri də təltif olunub.
Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, bilogiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqənin rayon mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən ümumilikdə 151 nəfər qalıb elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb . 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Ayşə MÜSEYİB